"Kooperativlərin yaradılması, torpaqların cəmlənməsi və iri təsərrüfatların formalaşdırılması kənd təsərrüfatının inkişafı baxımından mühüm məsələlərdəndir".
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə xəbərdarlıq edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun İlk İclasında Azərbaycan Sahibkar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatında ən böyük problemlərdən biri regionlarda maliyyəyə əlçatanlığın məhdud olmasıdır:
"Adətən maliyyəyə əlçatanlıq dedikdə ilk növbədə kreditlər nəzərdə tutulur. Halbuki bu anlayış təkcə kreditlə məhdudlaşmır. Buraya, məsələn, idxal zamanı mallar hələ satılmamış ƏDV-nin ödənilməsi, dövriyyə vəsaitlərinin azalması və digər maliyyə yükü yaradan amillər də daxildir.
Lakin regionlarda maliyyəyə əlçatanlıq problemi daha çox kreditləşmə ilə bağlıdır. Burada əsas məsələ ondan ibarətdir ki, banklar kənd yerlərində girov qoyulan əmlakı lazım gəldikdə likvid şəkildə sata bilmirlər. Çünki potensial alıcılar çox vaxt həmin əmlakın müəyyən ailəyə və ya şəxsə məxsus olduğunu əsas gətirərək onu almaqdan çəkinirlər. Bu səbəbdən girovların realizə olunması çətinləşir və banklar kredit verməkdə ehtiyatlı davranırlar".
"Apardığımız müzakirələr nəticəsində müəyyən irəliləyişlər əldə olunub və bu istiqamətdə işi davam etdirmək istəyirik. Xüsusilə aqrar sığorta mexanizmlərinin kredit təminatı kimi istifadəsi imkanları müzakirə olunur. Kreditə əlçatanlığın artırılması vacibdir. Çünki regionlarda maliyyəyə çıxış problemi həll edilmədən kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək mümkün olmayacaq.
Məlumdur ki, kənd təsərrüfatı yüksək gəlirlilik və ya vençur kapitalı tələb edən sahə deyil. Bu, ənənəvi fəaliyyət istiqamətidir və burada gəlirlilik əsasən bazarda tələb və təklifdən asılı olur. Mənfəət marjası da adətən yüksək olmur. Buna görə də bahalı kreditlər fermerlər üçün əlverişli hesab edilə bilməz.
Ümid edirəm ki, yeni yaradılmış Biznesin İnkişafı Fondu faiz subsidiyalarının və dövlət zəmanətlərinin həcmini artıracaq. Bu, fermerlərin və kənd təsərrüfatı ilə məşğul olan sahibkarların maliyyə resurslarına çıxışını daha da asanlaşdıracaq", - deyə Vüqar Zeynalov əlavə edib.














