Samux rayonunda müasir standartlara cavab verən iri damazlıq heyvandarlıq kompleksinin yaradılması istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində qoyunçuluq və camışçılıq sahələrinin inkişafı, ölkədə damazlıq heyvandarlığın gücləndirilməsi və yüksək məhsuldarlığa malik təsərrüfat modelinin formalaşdırılması nəzərdə tutulur.
Seymur Səfərli: "Qoyunçuluğun inkişafı üçün 300 yeni təsərrüfat yaradılacaq"
FED.az xəbər verir ki, “Milagro Ganaderia” MMC-nin təsisçisi Fərid Mustafayev bildirib ki, hazırda təsərrüfat 1250 hektar ərazini əhatə edir. Bunun 250 hektarı pivot suvarma sistemləri ilə təmin olunmuş əkin sahəsi, qalan hissəsi isə otlaq kimi istifadə olunur.
F.Mustafayev qeyd edib ki, qoyunçuluq istiqamətində əsasən Azərbaycanın yerli Qaradolaq cinsi yetişdirilir. Bu cins həm Samux, həm də yaylaq kimi istifadə olunan Kəlbəcər ərazilərinin iqlim şəraitinə uyğunlaşması və yüksək ət məhsuldarlığı ilə seçilir.
Təsisçinin sözlərinə görə, layihənin mühüm istiqamətlərindən biri də südlük camışçılığın inkişafıdır. Bu məqsədlə Pakistandan yüksək süd məhsuldarlığı ilə seçilən Nili-Ravi cins damazlıq camışların gətirilməsi planlaşdırılır. Bildirilib ki, bu cinsdən olan bir baş camış gündə orta hesabla 16–17 litr süd verir, südün yağlılıq göstəricisi isə 7,5–8 faizə çatır.
F.Mustafayev vurğulayıb ki, təsərrüfatın ərazisindən Qabırrı çayının keçməsi, geniş su hövzələrinin və qamışlıq sahələrinin mövcudluğu camışçılığın inkişafı üçün əlverişli təbii şərait yaradır. Məhz bu amillər nəzərə alınaraq layihə yüksək məhsuldarlıqlı südlük camışçılıq istiqamətində qurulur.
O qeyd edib ki, həyata keçirilən layihə ölkədə damazlıq heyvandarlığın inkişafına, keyfiyyətli ət və süd istehsalının artırılmasına, eləcə də aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verəcək. (Azərtac)














