Azərbaycan Xarici İşlər Nazirliyi Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb.
FED.az xəbər verir ki, məlumatda deyilir:
"14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.
Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülən işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib".