Prezident: "Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil. Halbuki Ermənistan buna çox ümid edirdi".
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib.
Eləcə də bax: İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - TAM MƏTN
FED.az xəbər verir ki, Prezident müxbirin “Rusiya harada durur Sizcə? Çünki Rusiya xüsusi bir önəmə sahibdir”, sualına belə cavab verib:
“Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətlərimiz uğurla inkişaf edir. Bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Hər iki ölkə bu münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır və bu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır.
Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil.
Halbuki Ermənistan buna çox ümid edirdi. Ermənistanın bu toqquşmanı bölgənin xaricinə çıxarmaq məqsədi də Rusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırda Ermənistan ərazisindən niyə hücum edir? Məhz ona görə ki, biz də hücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin baş katibliyinə müraciət etsin və desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizə yardım edin. İyul ayında, niyə onlar bu təxribatı Ermənistan-Azərbaycan sərhədində törətdilər?
Tovuz Qarabağ bölgəsindən uzaq məsafədə yerləşir. Orada onların hansı hədəfləri var idi - bir hədəfi ki, biz hücum edək, biz dövlət sərhədini keçək, - mən dedim bizdə belə bir fürsət var idi, - və ondan sonra müraciət etsin o təşkilata ki, gəlin bizimlə bərabər Azərbaycana qarşı vuruşun. Yəni, Rusiyanı bu işlərə cəlb etmək istəyir və bu, növbəti təxribatdır, mən əminəm ki, buna müvəffəq olmayacaq”.