Alyaskanın alqı-satqısı haqqında müqavilənin imzalanması (30 mart 1867-ci il)
Bəlkə də çoxları bilmir ki, hazırda ABŞ ərazisi sayılan Alyaska əvvəllər Rusiyaya məxsus olub və sonradan amerikalılara pulla satılıb. Alyaskanın satışı dünyanın əmlak bazarı tarixində həyata keçirilən ən böyük torpaq satışlarından biridir. Təkcə onu demək kifayətdir ki, söhbət 1,5 milyon kvadrat kilometrlik torpaq sahəsindən gedir. Bundan başqa, adətən ərazilərin güc hesabına zəbt olunduğu həmin dövrdə ilk dəfə idi ki, torpaq hər iki tərəfin tam razılığı ilə könüllü olaraq satılırdı. Başqa cür ola da bilməzdi – alıcı və satıcılar dünyanın ən böyük və güclü dövlətləri idi. Ən maraqlısı da odur ki, bu alqı-satqıdan kimin daha qazandığı indiyədək məlum deyil.
Eləcə də bax: Tramp Qrenlandiyanı almaq fikrinə düşüb
Soyuq torpaqlar
Alimlərin fikrincə, Alyaskanı Sibir ovçuları kəşf edib. Qədimdə insanlar Amerika qitəsinə Berinq boğazı vasitəsilə keçirdilər. O vaxt iqlim soyuq idi və boğazın yerində 1600 kilometr eni olan buz körpü var idi. İnsanlar da Amerikaya buzun üstü ilə keçə bilirdilər. İqlim dəyişib, istiləşmə baş verəndən sonra körpü əriyərək Sibir və Alyaskanı bir-birindən ayırdı.
Məskunlaşma
Amerikanın şimal-qərb sahilləri həm bitki, həm də heyvan aləminə görə çox zəngin idi. Alyaska sahillərində çoxsaylı balıqlar qaynaşır, münbit torpaqlarda isə minlərlə fərqli bitki yetişirdi. Buna görə də Alyaska torpaqları insanlar üçün çox cəlbedici idi. Alyaskanın əsas sakinləri üç qəbiləyə məxsus idilər. Bunlar – Tlinqit, Xayda və Tsimşian idi. Bu qəbilələr bir birlərindən həm adət ənənələrinə, həm yaşadıqları ərazilərə, həm də həyat tərzinə görə fərqlənirdilər.
Rusların bu ərazilərə rəsmi gəlişi 1741-ci ildə baş tutdu. Həmin il məşhur dəniz səyyahı Vitus Berinqin başçılıq elədiyi ekspedisiyanın gəmiləri Alyaskaya, daha dəqiqi Aleut adalarına yan aldılar.
Amma Rusiya rəhbərliyi Şimali Amerika torpaqlarına o qədər də maraq göstərmirdi. Nəticədə bundan sonrakı 50 ildə həmin ərazilərlə əlaqələr yalnız xırda ticarətlə məhdudlaşırdı.Əvəzində bu dövrlərdə Alyaskaya başqa iri dövlətlər də maraq göstərməyə başladılar. Rusiyanın bu ərazilərə sahib çıxacağından narahat olan İspaniya Kaliforniya ərazilərini tutur, burda qalalar tikir və Alyaskaya çoxsaylı ekspedisiyalar göndərməyə başlayır. Amma orda onların qarşısını Britaniya qüvvələri kəsir və ispanlar bu torpaqlardan əl çəkməyə məcbur olurlar.
Alyaska ilə Britaniya, Fransa və Birləşmiş Ştatlar da maraqlanırdı, amma onu əldə etməyə çalışmırdılar – həmin vaxt Alyaskanın sərt iqlimi ölkələrin bu ərazilərə sahiblik arzusunu öldürürdü. Sonradan Böyük Fransa İnqilabı fransızların da bu mövzuya marağına nöqtə qoyur.
18-ci əsrin sonlarında isə Rusiyanın Alyaskada fəaliyyəti genişlənir - bu ərazilərlə ticarət əlaqələrini gücləndirən Rusiya burda qalalar tikir və Alyaska faktiki olaraq Rusiyanın ərazisinə çevrilir. Bu əraziləri hökumətdən böyük səlahiyyətlər almış və Rusiya tacirlərinin başçılıq etdiyi Rus-Amerika şirkəti idarə edirdi.
Alyaskanın Rusiyanın adına «rəsmiləşdirilməsi» 1820-ci ildə başladı. Həmin il Rus-Amerika şirkətinin rəhbərliyi Rusiya hökumətinin adından xarici gəmilərin bu əraziyə 160 kilometrdən çox yaxınlaşmasını qadağan etdi. Britaniya v ABŞ bu qərarı böyük etirazla qarşıladılar.
Amma 1824-25-ci illərdə Rusiya bu ölkələrlə mübahisəni həll etdi və Rusiyanın burdakı torpaqlarının dəqiq sərhədləri müəyyənləşdirildi. Razılaşmaya görə, Britaniya və ABŞ burda hələ 10 il də ticarətlə məşğul olurlar, sonra isə bu torpaqlar tamamilə Rusiyaya keçir.
Alyaska kimə lazım idi?
19-cu əsrin ortalarında sənaye potensialı, hərbi gücü və maliyyə imkanları sürətlə artan Amerikanın diqqəti yenə Alyaskaya yönəldi. Texnikanın və rabitənin inkişafı nəticəsində Şimal əraziləri artıq o qədər də keçilməz görünmürdü. Alyaskaya yiyələnmək üçün ABŞ-ın ilk cəhdi 1843-cü ildə Rusiya səfirinə verilən qəfil sualla başladı.
Rusiya səfirinin Alyaskanın satılmadığı barədə cavabından bir il sonra, 1844-cü ildə Alyaskanı idarə edən Rus-Amerikan şirkətinin ticarət səlahiyyətləri daha 20 il müddətinə uzadıldı. Amma artıq Rusiyanın özündə də Alyaskanın iqtisadi cəhətdən əlverişli ərazi olduğu barədə şübhələr yaranmışdı. Şirkət burda müxtəlif yollarla – kömür hasilatı, köpəkbalığı ovu, hətta buz ixracı ilə gəlir əldə etməyə çalışırdı. Amma bu üsulların heç biri mənfəət gətirmirdi. Şirkətin böyük borcları yaranmışdı, gəlirlə işləmirdi, nə vaxt gəlir gətirəcəyi də bilinmirdi. Bundan başqa, yeni ərazilərin mənimsənilməsi üçün ora böyük vəsaitlər yatırmaq lazım idi.
Amma Alyaskanın taleyinə ən çox təsir edən fakt 1853-56-cı illərdəki Krım müharibəsi oldu. Xəzinənin boşalmasına səbəb olan bu müharibə Sakit okeandakı Rusiya ərazilərini Britaniya donanması qarşısında müdafiəsiz qoydu. Rus-Amerikan şirkətinin isə həmin vaxt 725 min rubl borcu yığılmışdı. Hökumətdə danışmağa başladılar ki, Alyaskanın amerikanlara satılması həm xəzinəni doldurmağa, həm də zərərlə işləyən şirkətdən yaxa qurtarmağa imkan verərdi. Məsələnin siyasi tərəfi də vardı, Rusiya ümid edirdi ki, Alyaskanı ABŞ-a güzəştə getməklə Britaniyaya qarşı mübarizədə müttəfiq qazana bilər.
Danışıqlar
1867-ci ilin əvvəlində Rusiyanın ABŞ-dakı səfirinə tapşırılır ki, Alyaskanın satışı barədə danışıqlara başlasın. 1867-ci ilin 11 martında başlanan danışıqlarda ABŞ-ı dövlət katibi Vilyas Stüart təmsil edirdi. Çətin keçməyən danışıqlardan sonra tərəflər Alyaskanın 7 milyon 200 min qızıl dollara satılması barədə razılığa gəldilər. Artıq martın 18-də bu barədə müqavilə hazır idi.
Əvvəlcə ABŞ-ın dövlət katibi belə nəhəng məbləğdə alqı-satqı üçün hökumətdən pul almaqla bağlı çətinliklərlə üzləşdi. Amma senat bu ideyanı dəstəklədi. Bəzi qəzetlər Alyaskanın alınmasını ağılsızlıq saysalar da, hökumət ictimaiyyəti bunun doğru addım olduğuna inandıra bildi.
7,2 milyon qızıl pul
Alyaskanın satışı barədə ingilis və fransız dillərində müqavilə martın 30-da Vaşinqtonda imzalandı. Alqı-satqının dəyəri 7,2 milyon dollar, və ya indiki pulla 108 milyon dollar təşkil etdi (hərçənd o vaxtdan indiyədək baş verən inflyasiyanı nəzərə alanda indiyədək bu məbləğin indiki dəyəri bir neçə milyarda çatır). Bu müqavilə ilə bütün Alyaska və onun ətrafındakı adalar ABŞ-ın sərəncamına keçdi. Ərazi ilə birlikdə burdakı daşınmaz əmlak arxivlər və sənədlər də ABŞ-a verildi. Ümumilikdə, satılan ərazinin sahəsi 1,519 milyon kvadrat kilometr idi. Yəni ərazinin hər kvadratkilometri 4 dollar 73 sentə və ya hər akrı 1,9 dollara satılıb. İlk baxışdan ucuz görünsə də, buzla örtülü torpaqlar üçün bu məbləğ az deyildi.
Müqayisə üçün qeyd edək ki, çətin keçilən ərazisi olan və məskunlaşmayan Alyaska ABŞ-a tamamilə məskunlaşmış və mühüm əhəmiyyətə malik olan Luizianadan yalnız 1,5 dəfə ucuz satılıb. Halbuki, Luiziananın sahəsi də Alyaskadan 1,4 dəfə böyük idi. Bununla yanaşı, Alyaskanın satıldığı dövrdə Nyu-yorkda şəhər məhkəməsinin binası hökumətə Alyaskadan baha başa gəlmişdi.
Doğru çıxan zarafat
Rusiya imperatoru II Aleksandr bu müqaviləyə imza-möhürünü yalnız mayın 3-də qoydu, amma Alyaska artıq faktiki olaraq satılmışdı. Rusiya ictimaiyyəti uzun müddət bu alqı-satqıdan xəbərsiz idi. Martın 23-də bu barədə məlumat alan Peterburq qəzetlərindən biri bunu şayiə və yersiz zarafat kimi qiymətləndirmişdi. İyulun 18-də isə ABŞ Rusiya tərəfinə müraciət edərək Alyaskanın satışı üçün müqavilədəki məbləği ödəmək istədiyini açıqladı. Yalnız oktyabrın 8-də rəsmi qəzetlər Rusiyanın şimali Amerikadakı öz koloniyalarını ABŞ-a güzəştə getdiyini elan etdilər. Alyaskanın ABŞ-a rəsmi təqdim olunması 1867-ci il noyabrın 11-də baş verdi. Beləliklə, Rusiya Alyaskanı satmaqla zərərlə işləyən və onu narahat edən aktivdən yaxa qurtardı. Əslində alqı-satqıda formal olaraq Rusiya torpaqları yox, Rusiya təbəələrinə məxsus olan torpaqlar satılırdı. Həmin dövrlərdə belə mülkiyyət forması geniş yayılmışdı. Beləliklə Rusiya Alyaskaya yalnız 126 il sahiblik etdi. Bundan sonra 149 ildir ki, bu ərazilər ABŞ-a məxsusdur.
ABŞ-ın Alyaskası
İlk dövrlərdə ABŞ-ın bu əraziləri idarə etməsi Rusiyadan fərqlənmirdi. Amerikanların əksəriyyəti ümumiyyətlə Alyaskanın harada olduğundan xəbərsiz idi. Bundan başqa, ABŞ-da vətəndaş müharibəsi təzəcə başa çatdığına görə, hökuməti ölkənin öz problemləri məşğul etmişdi. Amma bu ərazilərə gələnlərin sayı artmağa başladı. 1864-cü ildə «Western Union» şirkəti ABŞ-ın əsas ərazisi ilə Alyaskanı birləşdirən teleqraf xətti çəkdi.