ABŞ və İran arasında razılaşmanın reallaşacağı ilə bağlı dəqiqləşmələr artdıqca, dünya bazarında neftin qiyməti ucuzlaşmaqdadır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dünən mayın 29-da birjalarda neftin qiyməti növbəti dəfə ucuzlaşıb.
Belə ki, «Brent» markalı neftin qiyməti 91 dollara, WTI markalı nefti isə 87 dollara enib.
Mayın 29-da ABŞ-İran razılaşması gözləntiləri və Hormüz boğazından blokadanan götürülməsi xəbərləri fonunda Brent nefti aprelin 17-dən bəri ilk dəfə olaraq 91 dollara, sonra isə 90 dollara enib. Sonradan qiymətlər bir qədər artaraq 91,89 dollar olub.
WTI markalı nefti isə 1,83 faiz ucuzlaşaraq 87,27 dollara enib. Xatırladaq ki, bir gün əvvəl İran və ABŞ-ın qarşılıqlı zərbələrindən sonra neft bir qədər bahalaşmışdı. Amma razılaşma üzrə danışıqların davam etməsi xəbərindən sonra qiymətlər yenidən ucuzlaşmağa başlayıb.
Baş verənlər Azərbaycan neftinin qiymətinə də təsir edib. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti dünən 2,56 dollar və ya 2,55 % azalaraq 98,01 dollara enib.
Bu son 2,5 ay ərzində Azərbaycan neftinin ən aşağı qiymətidir. Belə ki, sonuncu dəfə Azərbaycan nefti 100 dollardan ucuz martın 16-da olmuşdu - 95,43 dollar. İran müharibəsi dövründə Azərbaycan nefti dəfə yüksək qiymətlərə qalxmış, hətta aprelin 3-də 141,68 dollara yüksəlmişdi. Sonradan qiymətlər enməkdə davam edib.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsində neftin qiyməti 65 dollardan hesablanıb. Son 4 ayda isə neftin orta satış qiyməti 91,55 dollar olub.













