Digər

Şadlıq saraylarının toylarda yedirtdiyi - “AFRİKA NAQQASI"YMIŞ...

Şadlıq saraylarının toylarda yedirtdiyi  -  “AFRİKA NAQQASI"YMIŞ... | FED.az
10:59 1 Noy 2019

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xidmət göstərən ictimai iaşə müəssisələri tərəfindən müştərilərə təqdim edilən balıq və balıq məhsullarının adı, habelə keyfiyyətində istehlakçıların aldadılması halları ilə bağlı xəbərdarlıq edib. Qeyd olunub ki, həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə nərə balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə nərə balığına oxşayan “naqqa” balığı təqdim edilir.

Rəsmi məlumata görə, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları fərqləndirmək bir qədər çətinləşir. Naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.

Restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması hallarının mövcud olmasını Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təsdiqləyib.

Eləcə də bax: Nazir: "Azərbaycanda bütün restoranlara satılacaq qədər - NƏRƏ BALIĞI YOXDUR"

Nazir bildirib ki, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın:

“O qədər nərə balığı yoxdur. Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər ətin nərə balığı adı ilə verilməsi var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdır”.

Hazırda bazarlarda nərə balığının 1 kiloqramı 45-70 manat arasında dəyişir. Maraqlıdır, indi Azərbaycanın nərə ehtiyatları nə qədərdir? Azərbaycana digər ölkələrdən nərə idxal edilirmi?

“Nərə ehtiyatları 30 ildə 30 dəfə azalıb”

FED.az xəbər verir ki, Modern.az-ın bu qəbildən olan suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov cavablandırıb. M.Axundov  bildirib ki, son vaxtlar yalnız Azərbaycanda deyil, dünya ölkələrində də nərə balığının ehtiyatları sürətlə tükənməkdədir:

Eləcə də bax: Restoranlarda “nərə” balığı yerinə - BAŞQA BALIQ VERİRLƏR - RƏSMİ AÇIQLAMA

“Son 10-15 il ərzində Xəzəryanı ölkələrdə olduğu kimi, Azərbaycanda da bu balıq ehtiyatları olduqca aşağı səviyyədədir. Son 30 ildə isə nərə balığı ehtiyatları 30 dəfə azalıb. Bu həm Rusiya, həm İran, həm Türkmənistan, həm də Qazaxıstanda müşahidə edilən haldır. Azalma təbii mühitdəki dəyişikliklərlə yanaşı, antropogen təsirlərdən qaynaqlanır.  Getdikcə Xəzərin səviyyəsi düşür, suyun həcmi azalır. Əsas səbəblər sırasında da brakonyerliyin baş alıb getməsi göstərilir. Brakonyerlik balıq ehtiyatlarının sürətlə tükənməsinə, bəzi nadir növlərin nəslinin kəsilməsinə şərait yaradır. Xəzər dənizinin ekosisteminə daraqlı yabanı növ daxil olub. Bu, Xəzərdə olan planktonu yeyib, dağıdır. Hansı ki, kilkələr planktonla qidalanır. Hazırda kilkələrin də sayı 10 dəfə azalıb”.

“Nərənin kommersiya məqsədilə ovlanması qadağandır”

M.Axundov qeyd edib ki, 2011-ci ildən başlayaraq, Xəzəryanı ölkələrdə nərə balıqlarının kommersiya yolu ilə ovlanmasına qadağa qoyulub:

“Bu moratorium saxlanılır və Hökumətlərarası Komissiyanın qərarı ilə hər il uzadılır. 2010-2011-ci illərdə nərəkimilərin növləri kəskin şəkildə azalmağa başladı. Ona görə də belə bir qərar qəbul olundu”.

 


Çin nərəsi, Afrika naqqası....

Direktor bildirib ki, il ərzində Azərbaycana Çin, İran və Rusiyadan 15 min ton nərə balığı idxal edilir:

“Marketlərdə satılan, şadlıq saraylarında menyuya nərə adı ilə daxil edilən balıqlar əslində “Afrika naqqası”dır. Bununla yanaşı, idxal edilən nərələrdir. Nərə balığı ilə naqqa balığının strukturu çox oxşayır. Ona görə də insanlar ayırd edə bilmirlər. Azərbaycanda nərə balıqlarının yetişdirilməsi də aparılır”.

Qeyd edək ki, nərə balığının süni artırılması məqsədilə 1954-cü ildə Neftçalada ilk balıqartırma zavodu tikilib. Şirvan şəhərində və Qaradağ rayonunda da balıqartırma zavodları fəaliyyət göstərir. Bu zavodlarda xüsusi şəraitdə yetişdirilən nərə balıqları Xəzər dənizinə buraxılır.

 “Dövlət qurumları nəzarəti gücləndirməlidirlər”

 Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qida Təhlükəsizliyi  Agentliyinin həyata keçirdiyi monitorinqi alqışladığını bildirib:

“Çox təəssüflər olsun ki, İqtisadiyyat Nazirliyi hələ ki məsələyə ciddi yanaşmır. Əslində bu məsələlər onların funksiyalarına daxildir. Qida Təhlükəsiliyi Agentliyi qidanın təhlükəsizliyinə nəzarət edən qurumdur, keyfiyyətinə yox. Restoranlarda, şadlıq evlərində müştrilərə təqdim edilən menyudakı qidaların mənşəyilə bağlı nəsə tələb etmək haqqı tanınmır. Toylarda süni kürülər, vaxtı keçmiş salatlar, kolbasalar və s. verilir. Toylarda bütün strategiya elə qurulub ki, qonaqlar nə gəldi yeyib, tez də rədd olub getsinlər.
İctimai nəzərtin gücləndirilməsi üçün görüləcək çox işlər var”.

Nərə balığını naqqa balığından ayırmaq üçün aşağıdakılara diqqət etmək lazımdır:
 


Nərə balığının bədən uzunu boyunca 5 uzanan özünəməxsus tikanabənzər sümüklü pulcuqları var və onlar təmizlənsə belə dəridə kobud şəkildə izləri qalır. Lakin, naqqa balığının dərisi demək olar ki, təmizdir, hamar səthdə heç bir çıxıntı və ya pulcuğa rast gəlinmir.

Əgər balığın dərisi tamamilə təmizlənib, sadəcə əzələ hissəsi qalıbsa, nərə balığında əzələlərarası növbəli şəkildə sarı yağ kütləsi olduğu halda, naqqa balığında bu, ağ rəngdədir. Bu göstərici, əsasən, daha iri kütləli növlərə aiddir. Tam bişmiş və heç bir halda fərqləndirici xüsusiyyət müşahidə olunmadıqda isə təqdim olunan məhsulun dadı ilə də fərqləndirmək mümkündür. Çünki naqqa balığı nərə balığına nisbətən daha spesifik dada malikdir.

Nərə balığının morfoloji xüsusiyyətləri aşağıdakılardır:

Nərələr, adətən, uzunsov bədən formasına və nisbətən uzun buruna malikdir, həmçinin dişsiz və hərəkətli ağzı, başın altında yerləşən ətli dodaqları vardır. Nərəkimilər (Acipenseriformes)dəstəsinə aid olan bu qədim balıqlar qığırdaqlı skeletə, akulaya bənzər quyruq üzgəcinə, ən əsas bədən boyu paralel uzanan 5 özünəməxsus sümüklü pulcuqlara, çox yaxşı inkişaf etmiş ağız aparatına və onun yanlarında həssas bığcıqlara malik olması ilə digər balıqlardan fərqlənir. Araşdırmalara əsasən, nərə balıqlarının uzunluğu yetkin dişi və erkək fərd olmaqla növlər arasında dəyişərək 1–2 metrə qədər, çəkiləri isə 100–1500 kq-a qədər ola bilər.
 

Naqqa balığını isə aşağıdakı xüsusiyyətlərinə görə müəyyən etmək olar:
 


Naqqa balığı dünyanın ən böyük şirin su balıq növlərindən biridir, uzunluğu 300 sm (3 metr) və çəkisi 150 kq-a çatır (adətən, boyu 1.3-1.6 m və çəkisi 15-20 kq arasında dəyişir)

Bir çox digər naxakimilərin növləri kimi, naqqa balığı aşağıdakı kimi xarakterizə edilə bilər:

- Uzun, üzəri həlməşik maye (mukus) ilə örtülmüş, pulcuğu az olan bədən örtüyünə və yandan düz bir quyruğa malikdir;

- Üçbucaq formalı başı bədən uzunluğunun təxminən 20%-ni təşkil edir;

- Geniş aralı burun deşiklərinə malik, yumru və düz buruna sahibdir;

- Çox kiçik uclu dişləri olan böyük ağzı və kiçik gözləri vardır;

- Üst çənədəki ağızın hər tərəfində iki böyük bığa və alt çənədə dörd qısa bığa malikdir;

- Balığın ümumi uzunluğunun təxminən 60%-ni təşkil edən böyük bir üzgəci vardır;

- Quyruq üzgəci isə, ümumiyyətlə, kiçikdir və yumrudur;

- Bədənin üst tərəfi tünd yaşımtıl qara rəngə, ağımtıl və ya sarımtıl qarın hissəsi isə boz-ağ rəngə malikdir.

 

Digər xəbərlər