İstanbulda Türkiyənin Palatalar və Birjalar Birliyinin (TOBB) və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi qadın sahibkarların biznes forumu keçirilib
FED.az xəbər verir ki, tədbir "Bir millət, iki dövlət" şüarı altında baş tutub.
Xatırladaq ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan qadın sahibkarlar arasında qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafını dəstəkləmək məqsədilə 2019-cu ildə İstanbulda TOBB və Türk Dövlətləri Təşkilatının əməkdaşlığı çərçivəsində Türk Ticarət və Sənaye Palatası (TSO) yaradılıb. 2021-ci il noyabr ayında Palata I Qadın Sahibkarlar Komitəsi təşkil edib və komitənin sədri Azərbaycan nümayəndəsi, AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva seçilib.
Bugünkü tədbirin keçirilməsində əsas məqsəd türk dünyasının qadın sahibkarları arasında əməkdaşlığın və məşğulluğun artırılmasına dəstək vermək olub. Komitədə türkdilli dövlətlərin hər birindən on nümayəndə iştirak edib.
Biznes forumda çıxış edən S.Babayeva, ölkələrimizdə həyata keçirilən layihələr və qadın sahibkarların bu layihələrdəki rolundan danışıb, Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa-yenidənqurma işlər haqqında geniş məlumat verib. Sədr, tədbirin keçirilməsində əsas məqsəd kimi qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və türkdilli dövlətlərin bir-birinə dəstəyin artırılması olduğunu qeyd edib: "Ötən bu aylar ərzində bizim Azərbaycanda iqtisadi inkişafı artırmaq istiqamətində dövlət qurumları, eləcə də kiçik və orta sahibkarlarla bir sıra görüşlərimiz oldu. Bu görüşlərdə gələcəyə doğru atılacaq addımlar müzakirə edildi. Özbəkistanla da görüşlərimiz olub. Çox maraqlı təkliflər irəli sürülüb. Tədbir çərçivəsində keçirəcəyimiz görüşlərdə bu layihələrin ətraflı müzakirəsi də nəzərdə tutulur".
Azərbaycan və Türkiyə Vəkillər Kollegiyasını üzvü vəkil, Türk Ticarət və Sənaye Palatası (TSO) 1-ci Qadın Sahibkarlar Komitəsinin hüquq və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Aygün Əliyeva isə çıxışında adıçəkilən komitənin hüquq və ictimaiyyətlə əlaqələr komissiyasının sədri seçildiyini, hər iki ölkəninin vəkili olaraq türk dünyasında qadın sahibkarlar arasında əməkdaşlığı artırmağa dəstək verməyə və təcrübəsini paylaşmağa hazır olduğunu deyib: "Əvvəla, ölkələrimiz arasındakı ticari maneələri aradan qaldırmalı və bir-birimizlə ticarəti artırmalıyıq. Qadın sahibkarlar komitəsini bu məqsədə çatmağımıza imkan verəcək strateji əhəmiyyətli addım kimi qiymətləndirirəm. Üzv ölkələr arasında biznes forumların, seminarların, sərgilərin sayını artırmalı və birgə tədbirlər təşkil etməliyik". (Report)