Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nda göstərilir ki, əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq təşkil edən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.
Bəs topdan və pərakəndə satış obyektlərində qanunvericiliyin bu tələbinə nə dərəcədə əməl olunur?
FED.az xəbər verir ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: "Onlayn rejimdə" və "Oflayn rejimdə". Müşahidələr göstərir ki, son vaxtlar ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən təqdim edilən malların elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi ilə bağlı xeyli irəliləyişlər olsa da, bu, hələ bazardakı bütün malları əhatə etmir. Bu isə vergi uçotunun düzgün aparılmamasına və vergidən yayınma hallarına gətirib çıxarır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən şəxs tərəfindən həmin malların sənədlərinin təqdim olunmaması və bunun elektron qaimə-fakturalarla rəsmiləşdirilməməsi həm də məhsulun istehsal olunduğu mənbədən son istehlaka qədərki dövriyyə prosesinin iştirakçıları üçün əlavə çətinliklər yaradır.
İqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov bildirib ki, hazırda bazarın müxtəlif sahələrində mal və xidmətlərin elektron qaimə-faktura ilə rəsmiləşdirilmədən təqdim olunması halları müşahidə edilir: "Belə hallara hər bir sahədə, az da olsa, rast gəlinir. Amma elektron qaimə-fakturasız malların satışı avtomobillərin ehtiyat hissələri və paltar-geyim sahəsində daha çoxdur. Bu isə əsasən onunla əlaqədardır ki, həmin məhsullar gömrükdə karqo müəssisələr tərəfindən daşınarkən sənədləşmə aparılmır".
Ə.Əsədov qeyd edib ki, Bakıda avtomobillərin ehtiyat hissələri bazarlarındakı bütün məhsullar, "Binə" və "Sədərək"dəki geyimlərin, demək olar ki, hamısı ölkəyə karqo şirkətləri tərəfindən daşınır.
Həmin şirkətlər xaricdən gətirdikləri malları topdan və pərakəndə satış fəaliyyəti göstərən sahibkarlara təhvil verirlər. Sahibkarlar isə həmin malları sənədsiz satırlar: "Hazırda topdan və pərakəndə ticarət obyektlərindəki malların əksəriyyəti həmin mallardır. Ona görə də karqo şirkətlərinin sahibkarlara indiyədək təqdim etdikləri sənədsiz mallar dövriyyədən çıxmayana qədər elektron qaimə-faktura olmadan təqdim edilən mallara bazarda rast gəlinəcək".
Ekspert vəziyyətdən çıxış yolunu şəffaflaşmanın inzibatçılığın bütün sahələrini, həm də tam şəkildə əhatə etməsində görür. Onun fikrincə, hər şeydən əvvəl, xaricdən gətirilən malların sənədləşdirilməsi sahəsində şəffaflaşmaya diqqət artırılmalıdır: "Bu sahədə şəffaflıq tam təmin olunsa, dövriyyədəki malların sənədləşdirilərək satışa çıxarılması məsələləri də zəncirvari qaydada həllini tapacaq".