Enerji bazarı üzrə konsaltinq şirkəti FGE NexantECA-nın fəxri sədri Fereidun Fesharaki Bloomberg TV-yə açıqlamasında bildirib:
“Hörmüz boğazı açılmasa, ilin sonunadək qiymətlər 150-200 dollar aralığına, hətta 200 dollara yaxın səviyyəyə çata bilər. Lakin bunun üçün ilin sonunadək gözləməyə ehtiyac yoxdur. Qiymətlərin bir barel üçün 150 dollara yüksəlməsi üçün iyul və ya avqust ayı kifayət edəcək”.
Azərbaycanın xarici dövlət borcu azalıb
FED.az xəbər verir ki, Fesharaki mart ayının sonlarında boğazın bağlı qalacağı təqdirdə qiymətlərin altı-səkkiz həftə ərzində 150-200 dollar səviyyəsinə çatacağını proqnozlaşdırmışdı. Həmin proqnoz reallaşmadı. Brent markalı xam neftin qiyməti aprel ayının sonunda 126 dollaradək yüksəldi, daha sonra isə 90 dolların orta səviyyələrinə gerilədi. Lakin bu dəfə yay tətili mövsümü sürətlə yaxınlaşdığı bir vaxtda qlobal ehtiyatlar daha da azalıb.
Əvvəllər dünya neft ixracının təxminən beşdə biri Hörmüz boğazından keçirdi. Lakin fevral ayının sonlarında Yaxın Şərqdə müharibənin başlamasından bəri daşımalar dayanma həddinə çatıb. Beynəlxalq Enerji Agentliyi bunu tarixin ən ağır təklif şoku kimi qiymətləndirib.
ABŞ Enerji İnformasiyası Administrasiyası açıqlayıb ki, ABŞ-ın xam neft ehtiyatları ardıcıl yeddinci həftədir azalır. Oklahoma ştatındakı saxlama mərkəzində ehtiyatlar isə əməliyyat minimumu səviyyəsinə yaxınlaşıb.
Fesharaki bildirib: “Ehtiyatlar böyük ehtimalla iyulun ortalarınadək, ən gec isə iyulun sonunadək minimum səviyyəyə çatanda bazarda təzyiq nöqtəsi yaranacaq. Məhz o zaman qiymətlərdə böyük artımlar görəcəyik”.













