Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində 2-3 dekabr tarixlərində Azərbaycan Moda Həftəsi (“Azerbaijan Fashion Week”) keçiriləcək.
FED.az xəbər verir ki, layihə məhz dəb sahəsində çalışan dizaynerləri, alıcıları, yerli və xarici media nümayəndələrini, eləcə də bu sahəyə marağı olan hərkəsi əməkdaşlıq üçün bir araya gətirən platformadır.
“Fashion Week” Azərbaycanın mühüm moda hadisələrindən biri olaraq ölkədə pərakəndə olaraq fəaliyyət göstərən və özlərini tanıtmağa çalışan modelyer-dizaynerləri bir araya gətirəcək, Azərbaycanda bu sənayenin inkişafına töhfə verəcək.
Bu genişmiqyaslı layihə milli brendlərin təşviqi, moda sektorunun inkişafı, bu sahədə mövcud problemlərin həlli üçün alətlərin təkmilləşdirilməsi istiqamətləri üzrə, habelə dəb, dizayn və ümumilikdə mədəniyyət sahəsində birgə əməkdaşlığa xarici həmkarları cəlb edəcək.
Azərbaycan Moda Həftəsi çərçivəsində ali təhsil müəsisələrində təhsil alan, həmçinin ölkədə fəaliyyət göstərən moda məktəblərinin gənc modelyer-dizaynerləri üçün “Azərbaycanın Moda Yüksəlişi” Müsabiqəsinin (Azərbaycan Fashion Forward) təqdimatı və tanınmış modelyer-dizayner Orxan Sultanın ustad dərsi keçiriləcək. Tədbir dekabrın 2-də saat 12:00-da “Yaradıcı qovşaq” (Kreativ Hab) tədris və inkubasiya mərkəzində baş tutacaq.
Moda Həftəsinə dekabrın 3-də saat 19:00-da “The Ritz-Carlton Hotel”ində keçirilməsi planlaşdırılan dəb nümayişi ilə yekun vurulacaq. Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstandan olan dizaynerlər öz kolleksiyalarını təqdim edəcəklər.