4 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT "Embafinans" QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
Eləcə də bax: "Embafinans" istiqrazlarının yerləşdiriləcəyi tarix - AÇIQLANDI
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 1,5 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
Açılış mərasimində emitent tərəfindən Embafinans, birja üzvü tərəfindən ABB-İnvest investisiya şirkəti və BFB-nin nümayəndələri iştirak ediblər.
BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək, BOKT "Embafinans" QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.
Xatırladaq ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10%, tədavül müddəti 1 il, kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.