14 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Ekspress-C" ASC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az Birjaya istinadən xəbər verir ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12,5 %, tədavül müddəti 2 il, faizlərin ödəniş müddəti 2 aydan birdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. (Marja)