17 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Ekspress-C" ASC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, birjanın yayadığı məlumata görə, 22 dekabr 2021-ci il tarixində "Ekspress-C" ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdiriləcək faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12,5%, tədavül müddəti 2 təqvim ili, kupon faizlərinin ödəniş müddəti isə 3 təqvim ayından birdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verdiyimiz kimi, 2 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Ekspress-C" ASC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2001023608 dövlət qeydiyyat nömrəli, 2 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon manat təşkil etmişdir.
"Ekspress-C" ASC metal məmulatlarının əridilməsi və onlardan tikinti materiallarının istehsalı ilə məşğul olur. Şirkətin zavodu Qobustan rayonu, Navahi qəsəbəsində yerləşir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.