ABŞ-ın istiqraz bazarında baş verən proseslər və yaranmış həyacanlı situasiya investorları daha etibarlı sahələr axtarmağa vadar edib.
FED.az xəbər verir ki, iki gün əvvəl ABŞ-da 2 illik və 10 illik istiqrazların gəlir əyrisi 2007-ci ildən bəri ilk dəfə tərsinə çevrilib.
Məlumat üçün bildirək ki, ənənəvi olaraq 2 illik istiqrazların gəlirliyi 10 illik istiqrazlardan daha aşağı olur, indi isə bu göstərici əksinə dəyişib – 10 illik istiqrazların gəlirliyi 2 illik istiqrazlara nisbətən aşağı düşüb. Nəticədə dünyada mənfi gəlirli istiqrazların həcmi kəskin artıb. «Bloomberg» xəbər verir ki, avqustun 14-də mənfi gəlirli istiqrazların payı 16 trilyona çataraq rekord vurub.
Bu dəyişiklik özünü demək olar ki, bütün istiqrazlarda göstərib. ABŞ-ın 10 illik xəzinə istiqrazlarının (US Treasuries) gəlirliyi 1,6%-dən aşağı düşərək 1,537% olub. ABŞ-ın 30 illik istiqrazlarının gəlirliyi isə son 50 ildə ilk dəfə olaraq 2%-dən də aşağı düşərək 1,96% olub.
Oxşar proseslər Britaniyada da baş verir. Burada 30 illik istiqrazların gəlirliyi ilk dəfə olaraq 1%-dən aşağı olub. Almaniya, Fransa, Yaponiyanın 10 illik dövlət istiqrazları da mənfi faiz dərəcələri ilə tarixlərinin ən aşağı səviyyələrinə düşüb.
Ekspertlər baş verən prosesləri son vaxtlar dünyada və ABŞ siyasətində baş verən hadisələrlə izah edirlər. «İnvestAz» investisiya şirkətinin analitiki Rövşən Dadaşov FED.az-a bildirib ki, bura ABŞ-Çin ticarət müharibəsi, ABŞ-ın prezident administrasiyası ilə FED arasındakı fikir ayrılığı (FED faiz dərəcələrinin aşağı salınmasına həvəsli deyil, amma prezident Tramp buna aqressiv şəkildə təkid edir), Çində və Avropanın əsas iqtisadiyyatı olan Almaniyada iqtisadi artımın zəifləməsi, neft bazarındakı gərginlik, İran, Venesuela və Liviyaya tətbiq edilən sanksiyalar və başqaları aiddir: «Nəticədə neftin qiyməti düşür, avro-dollar və funt-dollar məzənnəsi qeyri-müəyyəndir və aşağıya meyllidir, bunun da nəticəsində qızıla tələbat artır, nəticədə qızılın qiyməti ən yüksək həddədir».
Təcrübə göstərir ki, gəlir əyrisinin tərs çevrilməsi qarşıdan gələn iqtisadi iqtisadi durğunluğun – resessiyanın əlamətidir. ABŞ-da son 3 iqtisadi böhran məhz belə haldan sonra başlayıb. Bunlar 1990, 2001 və 2008-ci illərin böhranıdır. Ümumilikdə isə son 50 ildə 6 belə hadisədən 5-i böhranla nəticələnib. Maraqlıdır ki, adətən böhranın kəskin əlamətləri belə dəyişmələrdən 311 gün sonra özünü büruzə verməyə başlayır.
Dünya bazarında baş verən hadisələr Azərbaycana neftin qiyməti ilə təsir edir. 2019-cu ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 60 dollardan götürülüb. İndiyədək qiymətlər bu rəqəmin üstündə idi, amma son günlər ucuzlaşma hiss olunur və bir neçə gün əvvəl neftin qiyməti büdcədəyi həddən də aşağı enmişdi. Hazırda Azərbaycan nefti 61 dollardan baha satılsa da, dünyadakı prosesləri və gözləntiləri nəzərə alanda, qiymətin hələ də «təhlükəli zona»da olduğunu demək olar.