Bu ilin ilk 7 ayında Azərbaycanın korporativ qiymətli kağızlar bazarında 20% azalma baş verib.
FED.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, bu il korporativ QK ilə 406 milyon manatlıq əməliyyat aparılıb, ötən il isə bu göstərici 507,9 milyon manat idi.
Azalma ilkin bazarın hesabına baş verib. Belə ki, ötən ilin eyni dövründə şirkətlər 180,6 milyon manatlıq səhm və istiqraz buraxdıqları halda, bu il həmin göstərici təqribən 3 dəfə azalaraq 64,8 milyon manata düşüb.
İlkin bazardakı azalma isə həm istiqraz, həm də səhm buraxılışlarının kəskin azalmasının nəticəsidir. Ötən il 62 milyon manatlıq səhm emissiyası baş verdiyi halda, bu il həmin göstərici cəmi 300 min manat olub (207 dəfə azalma).
İstiqraz buraxılışı isə təqribən 2 dəfə azalaraq ötən ilki 120,4 milyon manatdan, bu il 60,4 milyon manata düşüb.
Korporativ QK-nin təkrar bazarında isə artım var. Bu ilin ilk 7 ayında BFB-nin təkrar bazarında 341,3 milyon manatlıq əməliyyat aparılıb. Ötən il isə bu göstərici 327,3 milyon manat idi.
Təkrar bazardakı artım əsasən istiqraz, daha dəqiqi ipoteka istiqrazlarının hesabına baş verib. Belə ki, ötən il ipoteka istiqrazları ilə təkrar bazar əməliyyatları 213,2 milyon manat təşkil etdiyi halda, bu il həmin göstərici 100 milyon manat artaraq 312,2 milyon manat olub. Digər istiqrazlarla təkrar bazar əməliyyatları isə 2,6 dəfə azalaraq 71,7 milyon manatdan 27,9 milyon manata düşüb.
Təkrar bazarda səhmlərlə əməliyyatlar da kəskin azalaraq 42,4 milyon manatdan 1,2 milyon manata enib.
Azərbaycanda şirkətlərin qiymətli kağızları ilə - ƏMƏLİYYATLAR 20% AZALIB
17:36
20 Avq 2019