ABŞ-Çin ticarət müharibəsinin şirkətlərin gəlirlərini aşağı salacağının gözlənilməsi ilə Avropa birjaları 20 aydan çox müddətin ən aşağı səviyyəsinə enib.
"Stoxx Europe 600" İndeksi 1.7% düşüb və 2017-ci ilin Yanvar ayından bəri ən aşağı səviyyəyə enib.
Total və Shell şirkətlərinin səhmləri Brent neftin ucuzlaşması ilə 2%-dən çox düşüb. İtaliya birjası da düşüb və "ayı bazarı"na yaxınlaşıb. Texnologiya səhmləri təzyiq altındadır.
Avropa birjaları dünən də Martdan bəri ən aşağı səviyyəyə düşmüşdü.
Almaniyada DAX İndeksi 1.1%, Fransada CAC 40 İndeksi 1.4%, Britaniyada FTSE 100 İndeksi isə 1.7% geriləyib.
Qeyd edək ki, ötən həftələr 86 dolları keçən Brent nefti bu gün 81 dollara düşüb.
Əlavə edək ki, Yaponiya səhmlərində Martdan bəri ən kəskin ucuzlaşma baş verib.
NYU-YORK BİRJASINDA "ZƏLZƏLƏ"
Xəbər verdiyimiz kimi, ABŞ-ın 10 illik istiqrazının faizinin 3.23%-ə yüksəlməsi və Çinlə davam edən "ticarət müharibəsi"nə dair narahatlıqların yenidən artması nəticəsində ABŞ şirkətlərinin səhmlərində böyük ucuzlaşma baş verib.
Çərşənbə günü Nyu-York birjası son dövrlərin ən pis əməliyyat gününü keçirib, Nasdaq Texnologiya İndeksi 4%-dən çox düşərək son 2 ilin, "Dow Jones" və "Standard & Poor's 500" indeksləri isə müvafiq olaraq 3,15 faiz və 3,29 faiz düşərək son 8 ayın ən böyük itkilərini veriblər.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Avropa birjaları çökdü
14:15
11 Okt 2018