ABŞ-da azərbaycanlı milyardçı Araz Ağalarova və onun ailəsinə məxsus olan «Crocus Group»un bank hesabları dondurulub. FED.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı xəbər yayıb. Belə ki, Union Bank «Crocus Group»un ABŞ-dakı bütün hesablarını bağlayıb. Bu xüsusi prokuror Robert Müllerin «Crocus Group»un fəaliyyəti ilə maraqlanması barədə məlumat yayıldıqdan dərhal sonra baş verib.
«Crocus Group»un ABŞ-dakı nümayəndəsi İrakli Kaveladze baş verənləri təsdiqləyib.
O bildirib ki, prokurorun şirkətə marağı ilə bağlı məqalə dərc edildikdən sonra «Crocus Group» bankdan məktub alıb və məktubda şirkətin bütün korporativ hesablarının bağlandığı bildirilib.
İ.Kaveladze bildirib ki, hazırda «Crocus Group» ABŞ-dakı fəaliyyətini dondurmaq təhlükəsi qarşısındadır.