“Hazırda ölkənin nar bağlarında nar yığımı prosesi davam edir. Bu il nar istehsalında ötən illə müqayisədə artım gözləmirik”.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov deyib.
Onun sözlərinə görə, bu il nar istehsalının az olmasının bir sıra səbəbləri var: “Ölkədə bu il su böhranı yaşandı, bu isə suvarma problemlərinə səbəb oldu. Kür çayı ətrafında yerləşən rayonlarda məhsuldarlıq digər rayonlarla müqayisədə daha çox olub. Kürdəmir, Göyçayda, Hacıqabulun bir hissəsində, Saatlıda, Sabirabadda, Ağsuda, Ucarda, Ağdaşda, İmişlidə fermerlərimiz su problemi yaşayırlar. Biz də fermerik, bağımız Kürdəmirdədir. 3 aydır ki, bağımıza normal qaydada su verilmir. Müraciət etmədiyimiz dövlət qurumları qalmayıb. Anlayırıq ki, ölkədə su qıtlığı ilə bağlı problemlər yaşanır. Lakin ədalətli su bölgüsü aparılmır”.
F.Qaraşov əlavə edib ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin qaydalarına əsasən ölkənin rayon və şəhərlərinə giriş-çıxış məhdudiyyətləri qoyuldu: “ Məhdudiyyətlər səbəbindən mütəxəsislər nar bağlarına daha az cəlb edildi. Bu da nar istehsalının az olmasına şərait yaradan amillərdən biridir”.
F.Qaraşov xatırladıb ki, ötən il nar istehsalında ümumi məhsuldarlıq 182 min ton təşkil edib: “2019-cu ildə ixrac olunan 17,5 min ton narın ümumi dəyəri 19 mln ABŞ dolları təşkil edib. Lakin bu il ötən ilki göstərici ilə müqayisədə daha az olacağını proqnozlaşdırırıq. Hazırda Rusiya, Ukrayna bazarlarına nar ixrac edilir. Avstriyanın Vyana şəhərinə nar nümunələri göndəriləcək. Əsas məqsədimiz Vyanaya növbəti il ixrac həyata keçirməkdir. Ümumiyyətlə, Avropa ölkələrinə nar ixracı əsas hədəfimizdir.
Bununla yanaşı, istehsal edilən narın ixracı yararlı hissəsi çox azdır. Ötən il istehsal olunan narın ancaq 10% miqdarında ixrac edilib. Hal-hazırda fermerlərin maariflənməsi ixraca yararlı məhsulların yetişdirilməsi üzərində çalışırıq. Nar bağlarında sertifikatlaşmamış, seleksiya edilməmiş nar tinglərinin salınması böyük problemlər yaradır. Vurğulamaq istərdim ki, Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) icra etdiyi “Narçılıq Dəyər Zəncirində Üstün Keyfiyyətin Əldə Edilməsi və Dəyişikliklərə Dəstək” (STEP) adlı yeni layihə avqust ayından başlanılıb. 20 aylıq bir dövrü əhatə edəcək bu layihə Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarında 100 kənddə 1-5 hektar nar bağına sahib olan 2 000 kiçik miqyaslı nar istehsalçılarını əhatə edəcək layihənin ümumi dəyəri 590 min avrodur. Məqsədimiz fermerlərin maarifləndirilməklə normal becərmənin təmin edilməsidir”.
Qeyd edək ki, quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı vələs"dir. (Report)