Pambıq sahələrinin müxtəlif risklərdən sığortalanması, bu sahədə ortaya çıxan məsələlərin müzakirəsi, eləcə də pambıq əkini ilə məşğul olan fermerlərin maarifləndirilməsi məqsədilə Aqrar Sığorta Fondunda Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbərliyi və müxtəlif bölgələrdən olan üzvləri ilə görüş keçirilib.
Hava şəraiti pisləşdi: Aqrar Sığorta Fonduna müraciətlər başlandı
Fonddan FED.az-a bildirilib ki, görüşdə Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov ölkəmizdə aqrar sığortanın tətbiqi, bu sahədə görülən işlər, pambıq sahələrinin sığortası ilə bağlı vəziyyət barədə məlumat verib.
Fuad Sadıqovun sözlərinə görə, pambıq ölkədə ən çox sığortalanan və ödəniş həyata keçirilən bitkilərdəndir. Aqrar sığortada dövlət dəstəyi nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəməklə pambıq sahəsini sığorta edə bilirlər.
Bildirilib ki, indiyədək Ağdam, Ağcabədi və digər rayonlarda pambıq sahələrinə dolu, sel-subasma və digər hadisələr nəticəsində dəyən zərərlər üzrə fermerlərə böyük məbləğdə ödənişlər həyata keçirilib. Hazırda pambıq əkini və pambıq sahələrinin sığortalanması mövsümü davam edir.
Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri Fərid Firudinov hazırda ölkədə 16 min fermerin müqavilə əsasında pambıq əkini ilə məşğul olduğunu bildirərək, aqrar sığortanın pambıq sahəsi üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Görüşdə müzakirə edilən əsas məsələlərdən biri pambıq sahələrinin vaxtında sığortalanması olub. Bildirilib ki, bəzi hallarda fermerlər pambıq sahələrinin sığortasını ləngidir, nəticədə həmin dövrdə baş verən təbiət hadisələri – dolu, yağışlar, daşqın və sair onların əkinlərə böyük zərər vurur. Qeyd edilib ki, əkin sahələrinin vaxtında sığorta olunması üçün fermerlər daha geniş məlumatlandırılmalıdır.
Tədbirdə müzakirə olunan digər məsələ sığorta hadisələrinin araşdırılması prosesi ilə bağlı olub. Belə ki, aqrar sığorta ekspertləri hadisə yerinə baxışa gəldikdə onunla birlikdə prosesdə müvafiq dövlət qurumunun nümayəndəsinin də iştirakı təklif edlilb.
Müzakirə zamanı pambıq sahələrinin sığortası ilə bağlı dünya təcrübəsi də qeyd olunub.
Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov pambıq sahələrində baş verən hadisələr və zərərlər barədə məlumat verərək xatırladıb ki, fermerlərə dəstək məqsədilə bu ildən etibarən leysan yağışları riski də baza zərfinə əlavə edilib. Yəni fermerlər pambıq sahələrini sığorta edərkən, əkin sahəsi yağışdan da sığortalanmış olacaq.
Görüşdə sığorta məsələləri ilə bağlı fermerlərə daha geniş məlumat verilməsi məqsədilə regionlarda silsilə görüşlərin keçirilməsi, fermerlərin SMS məlumatlandırılması və sair tədbirlərin keçirilməsi qərara alınıb.