Qəbələ və Salyanın kəndlərində torpaq konsolidasiyası pilot layihəsi həyata keçiriləcək.
Azərbaycanda fermerlərə lazer hamarlamaya görə əlavə subsidiya veriləcək
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistələrə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihə 32 kəndi və ümumilikdə 20 min hektar ərazini əhatə edəcək: "Konsolidasiya torpaq mülkiyyətinin itirilməsi demək deyil. Əksinə, fermerlər öz mülkiyyət hüquqlarını qoruyub saxlayacaqlar. Məqsəd bir fermerə məxsus müxtəlif ərazilərdə yerləşən torpaq sahələrinin birləşdirilərək vahid təsərrüfat şəklində təşkil edilməsidir. Konsolidasiyanın əsasını həmin ərazilərdə daxili və qapalı suvarma şəbəkələrinin qurulması təşkil edir. Bununla yanaşı, hər bir torpaq sahəsinin yol infrastrukturu ilə təmin olunması nəzərdə tutulur".
Nazir əlavə edib ki, hər hansı kənddə konsolidasiya aparıldıqda fermerlərin parçalanmış torpaq sahələri birləşdiriləcək, sahələrə qədər təzyiqli su çatdırılacaq, yol infrastrukturu yaradılacaq və ehtiyac olan yerlərdə drenaj sistemləri qurulacaq: "Konsolidasiya fermerlərin xərclərinin azalmasına və təsərrüfat fəaliyyətinin daha səmərəli təşkilinə şərait yaradacaq. Fermerlər vahid ərazidə daha böyük həcmdə əkin işləri apara, müasir aqrotexniki tədbirləri daha effektiv tətbiq edə biləcəklər. Eyni zamanda, yol, suvarma, koordinat və torpaq sahələrinin parçalanması ilə bağlı mövcud problemlərin aradan qaldırılması fermerlərin fəaliyyətini asanlaşdıracaq. Nəticədə torpaq sahələrinin bazar dəyərinin də artacağı gözlənilir. Bundan əlavə, konsolidasiya həyata keçirilən ərazilər üçün xüsusi subsidiya və təşviq mexanizmlərinin tətbiqi də nəzərdən keçirilir. Məqsəd fermerlərin bu prosesdə daha könüllü və rahat şəkildə iştirakını təmin etməkdir".














