Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına daha bir şirkət əlavə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə “Blue Diamond” MMC etibarsız təchizatçılar siyahısına əlavə edilib. Rəsmi məlumata görə, buna səbəb “Blue Diamond” MMC-nin tenderdə udduğu sifariş üzrə müqavilənin icrasından imtina etməsi olub. Nəticədə onun dövlət satınalmalarında iştirakı 1,5 illiyə, yəni 2027-ci ilin iyun ayının 19-a qədər qadağan edilib.
Bəs bu qərar niyə verildi?
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına danışan “Blue Diamond” MMC-nin nümayəndəsi bildirib ki, şirkətin etibarsız təchizatçı elan edilməsinin səbəbi imzalanmış müqavilənin yerinə yetirilə bilməməsi olub:
“Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən keçirilən tenderin qalibi olmuşduq. Bu tenderdə kompüter üçün avadanlıqlar var idi. Həmin avadanlığın qiyməti 4 000-4 500 manat arasındadır. Tender müqaviləsinin dəyəri isə 2 798 manatdır. Biz tender elan olunan zaman bu məlumatları ətraflı araşdırmamışdıq. Buna görə də, müqaviləni icra edə bilmədik”.
Bu qərarın verilməsinin səbəbini MMC-nin diqqətsizliyi olduğunu qeyd edən nümayəndə bildirdi ki, Agentlik tərəfindən verilmiş qərardan hər hansı narazılıq yoxdur.
“Əslində bu qərar verilməzdən əvvəl fəaliyyətimizi dayandırmışıq, hər hansı davam edən işlər yox idi. MMC fəaliyyət göstərmir və qadağanın ləğv olunduğu tarixdən sonra da fəaliyyət göstərmək niyyəti yoxdur. Bundan sonra bu sahədə fəaliyyət göstərmək istəmirik. Şirkətin təsisçisinin pensiya yaşı tamam olub, mən də artıq dövlət işində çalışıram. Buna görə də, gələcəkdə də bu sahədə aktivləşmək planlarımız yoxdur”, - deyə şirkətin nümayəndəsi əlavə edib.
Xatırladaq ki, bu qərardan sonra Azərbaycanda dövlət satınalmaları üzrə etibarsız təchizatçıların sayı 18-ə çatıb - SİYAHI.











