Bu ilin ilk 11 ayında Azərbaycandan 134,5 milyon dollar həcmində 122,6 min ton ilkin formalı polietilen ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, polietilen ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6,6 milyon dollar və ya 5,2%, miqdar ifadəsilə isə 8,7 min ton, başqa sözlə 7,7% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 127,8 milyon dollar dəyərində 113,9 min ton polietilen ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi polietilenin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 87 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 91 qəpik idi. Bu da illik müqayisədə 4 qəpik və ya 2,1% ucuzlaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,57%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,05%-i polietilenin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,53% və 4,14% olmuşdu.











