Doğrudan da koronavirus bir pərdə rolunu oynayaraq dünyada baş verən ciddi prosesləri də kölgədə qoydu.
Eləcə də bax: «Koronavirusla bağlı qərarlar qeyri-peşəkarlığın göstəricisidir» - STATUS
FED.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Elman Sadıqov yazıb:
– insanların uzun analitik yazıları oxumağa və videolara baxmağa səbrləri çatmır. Yazılara ayrılan maksimum vaxt 15-20 saniyə, videolara ayrılan vaxt isə 1-3 dəqiqədir.
– son 30-40 ildə qlobal iqtisadiyyatı və kapitalist cəmiyyətlərini təhdid edən 4 böyük risk formalaşdı. Bu risklər ciddi şəkildə şişdi və şişməkdə davam edirlər. 2021-2030-cu illər bu risklərin yumşaldılması 10 illiyi olacaq. Kiçik bir xatırlatma: 11 sentyabr 2001-ci ildən sonra 19 il ərzində dünyanın maliyyə sistemi, nəzarət mexanizmləri (o cümlədən bank sirri məsələləri, Avropa nəzarətində olan SWIFT sisteminin ABŞ-ın birbaşa nəzarəti altına keçməsi, maliyyə nəzarətinin 1-ci mərhələsi və sair) ilə bağlı tədbirlərin daha geniş miqyaslı 2-ci dalğasının olacağı şübhəsizdir. Sürətin artdığı müasir dövrdə bu proses daha qısa sürəcək (2030-cu ilə qədər);
– dünyada mərkəzi bankların və bank sektorunun rolu (düşünülənlərin əksinə olaraq) daha da artacaq. Əslində, bank sektorunun makroiqtisadi inkişafda oynadığı rollar arasındakı fərq ölkələr üzrə daha da fərqli olacaq. Bu fərq inkişaf etmiş ölkələrin xeyrinə daha da dəyişəcək;
– növbəti 10 illikdə parlayacaq kriptovalyuta Facebookun Librası olacaq. Tərəzi bürcü də Libradır və bir Libra = 1 dollar nəzərdə tutulub. (bu barədə 16 ay öncə ARB24 kanalında kriptovalyutalarla bağlı suala cavab verərkən fikrimi bildirmişdim). Bu kriptovalyuta hətta ABŞ senatını da narahat edib və dinləmələrdə qeyd olunub;
– 5G texnologiyası ilə bağlı yaradılan informasiya kirliliyi (bu amilin koronavirusla bağlı yaradılması və fəsadları haqqında ayrıca yazmışdım), cahil fikirlər bu texnologiyanın əslində gətirəcəyi real təhlükələri kölgədə saxladı. Bu texnologiyanın gətirəcəyi əsas təhlükə kibertəhlükəsizlikdir, xüsusilə texnoloji cəhətdən inkişaf etməkdə olan dövlətlərin öz sirlərini qorumaqda çətinliklərlə üzləşəcəyi, informasiya təhlükəsizliyi ilə bağlı risklərin daha da artacağı ilə bağlı təhlükədir. (4G texnologiyası 10-100mb/san internetə imkan verirdisə, 5G texnologiyasında internetin indi orta sürəti 4.7gb/saniyədir. 5G-nin maksimum sürəti Sinqapur, Seul (hələ 15-20 il öncə bu şəhərdə internet evlərə fiveroptik kabellə çəkilmişdi) kimi texnoloji infrastrukturu yüksək olan ölkələrdə 10gb/saniyəyə qədər çata biləcək. Bu isə serverlərdən dataları tozsoran kimi sürətlə sovurub saniyə və dəqiqələr ərzində götürməyə və ya sistemləri çökdürməyə imkan verəcək. Daha çox bu barədə düşünməyə ehtiyac vardır);
– dünyanın növbəti 4 il ərzində strateji inkişaf istiqaməti bu ilin noyabr ayında müəyyən olunacaq (ABŞ-dakı Prezident seçkiləri ciddi şəkildə kölgədə qalıb. Amma bu seçkilər təkcə ABŞ-ın deyil, dünyanın da taleyində rol oynayacaq seçkilər olacaq);
– Su qıtlığı ilə bağlı təkliflərimi yazmışdım. Bircə əlavəm var. Hazırda dəniz suyunun daha az maliyyətlə şirin suya çevrilmə texnologiyasının uğurlu tətbiqi ən azı texniki su problemini (gələcəkdə də içməli su problemini) uğurla həll edə biləcək. Bir sıra ölkələrdə bu texnologiya tətbiq olunur;
– neftin qiymətinin 150 dollar olacağı ilə bağlı kifayət qədər ciddi bank olan JP Morgan Bankının proqnozları düşünməyə əsas verir. Əlbəttə uzun müddət 150 dollarda qala bilməz, amma 0 və hətta mənfi 37 dollara düşən neftin 150 dollara da qalxması istisna olunmur. Əcəba: neftmi qalxacaq, yoxsa dollar bu qədər ucuzlaşacaq (ABŞ-ın əsas hədəflərindən biri budur), lokal müharibələrmi olacaq, şist nefti yenidən rentabelli etmək üçün daha hansı neft hasil edən ölkə(lər)ə embargo mesajı verilir; yəni, 150 dollara neft qalxacaq proqnozu varsa, bunun əsasları və ya bu proqnozun inputları da var…
Bunlar gedən proseslərin bir hissəsidir, hamısı deyil. Gördüyümüz kimi, virus doğrudan da o qədər böyük bir pərdəyə çevrildi ki, gedən bu qədər önəmli qlobal proseslər kölgədə qaldı.