Status

Əcnəbilərdən qazandığımızı xaricdə xərcləmişik – EKSPERT

Əcnəbilərdən qazandığımızı xaricdə xərcləmişik – EKSPERT | FED.az
21:00 17 Dekabr 2018

Mərkəzi Bank ilin 9 ayı üzrə tədiyə balansının nəticələrini açıqlayıb.
 
FED.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev “Facebook” sosial şəbəkəsindəki səhifəsində maraqlı məqamlara diqqət çəkib.
 
ELƏCƏ DƏ BAX: İstirahətə daha çox pul xərclənib – RƏSMİ
 
Ekspert qeyd edib ki, neft və təbii qazın yüksək dünya bazar qiymətləri hesabına cari hesablar balansının müsbət saldosu ötən ilə nisbətən 5 dəfəyə yaxın artıb - təxminən 5.1 mlrd. dollar təşkil edib:
 
“Xidmətlər balansı həmişə olduğu kimi kəsrdə qalıb, amma ötən ilə nisəbətən defisitin həcmi 2 dəfə azalıb və 1.3 mlrd. dollar təşkil edib (ötən il təxminən 2.6 mlrd. dollar).
 
Xidmətlərin idxalı 800 mln. dollara yaxın azalıb, xidmət ixracı 500 mln. dollara yaxın artıb.
 
Əksəriyyət üçün turizm sahəsində vəziyyət maraqlıdır. Turizm ixracı 150 mln. dollara yaxın artsa da, turizm idxalı da 120 mln. dollar genişlənib. Yəni əcnəbilərdən turst kimi qazandığımız əlavə vəsaitləri elə öz vətəndaşlarımız da turist kimi xaricdə xərcləyib.
 
Xidmət idxalında azalma əsasən neft sektoru ilə bağlı olub - bu il neft-qaz fəaliyyətilə bağlı tikinti xidmətlərinin idxalı 1.032 mlrd. dollar olub (ötən il 1.9 mlrd. dollardan bir az çox).
Xarici neft-qaz şirkətləri mənfəət formasında ölkədən 1.8 mlrd. dollar çıxarıb (ötən il 1.2 mlrd. dollar). Xarici kreditlərdən istifadəyə görə 290 mln. dollar (ötən il 332 mln. dollar), borc qiymətli kağızlarına görə əcnəbilərə 358 mln. dollar faiz (ötən il 278 mln. dollar) ödənib.
 
Xaricdən ölkə vətəndaşlarına göndərilərn pul baratlarının həcmi 801 mln. dollar olub (ötən il 726 mln. dollar).
 
Maliyyə hesabında 2.463 mlrd. dollar defisit yaranıb (ötən il 290 mln. dollar profisit olmuşdu).
 
Bu bölmə üzrə böyük məbləğdə defisitin yaranmasının əsas səbəblərindən biri ölkəyə birbaşa investisiyaların kəskin azalmasıdır: ötən il 4.5 mlrd. dollar birbaşa sərmayə gəlmişdisə, bu il 2.9 mlrd. dollara enib.
 
Digər səbəb xarici neft-qaz şirkətlərinin ölkədən çıxardıqları investisiyaların çoxalmasıdır: ötən il investisiya repatriasiyası 2.1 mlrd. dollar, bu il isə 2.4 mlrd. dollar təşkil edib.
 
Bir maraqlı fakt odur ki, 9 ay ərzində ölkədən xarici kredit borclarına görə ödənən vəsaitlərin həcmi ölkəyə həmin dövr ərzində cəlb olunan xaricdən cəlb olunan kreditlərin həcmindən 445 mln. dollar çox olub.
 
Tədiyə balansının ümumi saldosu 3.664 mlrd. dollar olub (ötən il 2.207 mlrd. dollar).
 
9 ay ərzində xarici şirkətlər Azərbaycan hökumətinə 450 mln. dollar bonus ödənişi edib”.

Digər xəbərlər