"İyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilərin olacağı gözlənilir".
Bunu FED.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bildirib.
O deyib ki, anomal istilərin müşahidə olunduğu günlər havada rütubətliliyin nisbətən yüksək olması istilik effektini kəskinləşdirən amildir: "İyul ayının növbəti günlərində də anomal istilərin olması ilə bağlı xəbərdarlıq insanların sağlamlıqlarını qoruması və diqqətli olmaları məqsədi daşıyır. Vətəndaşlarımız xüsusilə saat 10:00-dan 17:00-dək vacib olmadığı hallarda açıq havada qalmasınlar. Ən əsas isə uşaqları və yaşlı insanları anomal istilərdən qorumaq lazımdır, çünki onlar daha həssasdırlar, anomal istilər olan günlərdə o insanların ev şəraitində olmaları məsləhətdir".