Azərbaycanda apostillərin elektron reyestri informasiya sistemi yaradılacaq.
ELƏCƏ DƏ BAX: Mobil cihazların qeydiyyat rüsumundan işçilərə pul veriləcək
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 18 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, Ədliyyə Nazirliyi 2019-cu ildə apostillərin elektron reyestri informasiya sisteminin yaradılması və bununla əlaqədar təkmilləşdirmə işlərinin aparılmasını təmin etməlidir.
Qeyd edək ki, bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin iki növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırması.
Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Apostilin özündə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırması tələb olunmur.
Konsul leqallaşdırması sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir.
Yeni elektron reyestr sistemi yaradılacaq - TAPŞIRIQ
21:50
26 Dek 2018