Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığın davam etdirilməsinə dair memorandum imzalanıb.
FED.AZ xəbər verir ki, sənədi nazir müavini Anar Əliyev və RİİB sədri Məhəmməd Abdullayev imzalayıblar.
Tədbirdə ötən il layihə çərçivəsində görülən işlərə, yaradılan təsərrüfatlara dair videoçarx nümayiş olunub.
A.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə iqtisadi inkişafın nəticələrinin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə yönəldilməsində real ifadəsini tapır.
Nazir müavini bildirib ki, dövlət başçısının təşəbbüsü ilə icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox olmaqla 7267 nəfər cəlb edilib. Onlardan da 1000 nəfərini əlilliyi olan şəxslər, 1340 nəfərini məcburi köçkünlər, 1416 nəfərini qadınlar, 101 nəfərini çəzaçəkmə müəssisələrindən azad edilmiş vətəndaşlar və həssas kateqoriyadan olan digər şəxslər təşkil edib. Cari ildə bu proqrama 10 minədək, 2020-ci ildə isə 15 minədək ailənin cəlb olunması nəzərdə tutulub.
M.Abdullayev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun icra etdiyi layihələrin ölkəmizin inkişafı proseslərinə ardıcıl dəstək olduğunu bildirib. O, bu layihələrin bir istiqamətinin də sosial sahədə aparılan islahatlara, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşıdığını vurğulayıb. RİİB-in fəaliyyəti barədə məlumat verən M.Abdullayev nazirliklə birgə reallaşan “Sosial bağlar” layihəsinin bu il də uğurla icra olunacağına əminliyini ifadə edib.
Digər çıxış edənlər “Sosial bağlar” layihəsinin sosial-iqtisadi əhəmiyyətini, qeyri-neft sektorunun inkişafında, aztəminatlı ailələrin kiçik ailə biznesinin qurulmasında vacibliyini vurğulayıblar.
Memoranduma əsasən layihə üzrə ötən illə müqayisədə iki dəfə çox olmaqla, bu il 250 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Nazirlik layihə iştirakçılarının seçimi, onlar üçün təlimlərin təşkili, biznes planlarını müdafiə edənlərin aktivlərlə təmin olunması və s. aidiyyəti işləri yerinə yetirəcək.