Azərbaycanda süni yolla təyin edilən sosial yardımlar dayandırılacaq, əvəzində ehtiyacı olsa da, indiyədək yardım almayanlara sosial yardım veriləcək. FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış İşçi Qrupun növbəti iclasında bu sahədəki dəyişikliklərin nədən ibarət olacağını açıqlayıb.
Nazir deyib ki, sosial yardım sistemində ünvanlılıq, şəffaflıq və sosial ədalət bərpa olunmalıdır. Eləcə də, ünvanlılıq prinsipi pozulmaqla təyin olunmuş yardımlar dayandırılacaq, digər tərəfdən, sosial yardıma ehtiyacı olsa da bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığı təmin ediləcək.
Eləcə də bax: Müqaviləsiz işləyən şirkətlər üçün – AĞIR CƏZALAR GƏLİR
S.Babayev bildirib ki, ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edən hallar aşkar edilərək onların aradan qaldırılması, vətəndaşlarda narazılıq yaradan belə hallara yol vermiş əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi, sosial yardımların təyinatında ciddi nöqsanlara yol verdiyi aşkar edilmiş DSMF-nin rayon şöbəsi rəhbərlərinin işdən azad edilməsi, sosial yardım almaq üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin şəffaf şəkildə təşkili, həmin müayinəni həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi və s. istiqamətlərdə müvafiq işlər aparılıb. Bu işlər hazırda da davam etdirilir.
S.Babayev bildirib ki, ünvanlı sosial yardım alan ailələrin təxminən 40 faizinin tərkibində əmək qabiliyyətli insanlar var. Belə ailələrin özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması üçün təkmil və səmərəli iş mexanizmi hazırlanmaqdadır. Ümumilikdə sosial yardım sisteminin təkmilləşdirilməsi, sosial yardım proqramının sosial cəhətdən daha həssas ailələrə, əlilliyi olan insanlara yönəldilməsi, sosial yardım üçün müraciət prosedurunun sadələşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə, habelə ünvanlı sosial yardım proqramının özünüməşğulluq və digər aktiv əmək bazarı proqramları ilə əlaqələndirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik aktlarında da təkmilləşdirmələr aparılması nəzərdə tutulub.
İclasda İşçi Qrupunun gördüyü işlər, yeni araşdırmaların nəticələri, hazırlanan yeni qanunvericilik layihəsi müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Saxta ünvanlı yardımlar ləğv ediləcək - NAZİRDƏN AÇIQLAMA

22:57
4 Avq 2018