Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə qeyri-rəsmi məşğulluğa, yəni işçilərin əmək müqaviləsi olmadan işlədilməsina qarşı tədbirləri gücləndirib. FED.az xəbər verir ki, hələlik bununla bağlı iş adamlarına tövsiyfələr verilir. Belə tədbirlərdən biri Sabunçuda keçirilib.
Nazirlikdən bildiridir ki, qeyri-rəsmi məşğulluq həm vergi və sosial sığorta daxilolmalara ciddi ziyan vurur, həm də işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə də nəticələnir. Ona görə də işəgötürənlər belə hallara yol verməməlidirlər.
“Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda çıxışlar edilib, qeyri-rəsmi məşğulluğun mənfi nəticələri, işçilərlə əmək müqavilələri bağlanılmasının həm işəgötürən, həm də işçilər üçün faydaları barədə ətraflı məlumat verilib. İş adamlarına xatırladılıb ki, işçilərlə əmək müqaviləsinin bağlanması işəgötürənlərin əsas vəzifələrindən biridir. Qeyd olunub ki, əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Seminarda “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” mövzusunda da işəgötürənlərin ətraflı məlumatlandırılması təmin edilib. İştirakçılara tam iş vaxtı və onun müddəti, həftəlik tam iş vaxtının müəyyən edilməsi, qısaldılmış iş vaxtı, əmək şəraiti zərərli olan və xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxt, natamam iş vaxtı, iş vaxtının rejimi qaydaları və s. ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər barədə məlumatlar verilib.