Azərbaycanda iyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu,yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq və şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 31-36, Bakıda gecə 26-28, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.
Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, iyulun 27-də Abşeron yarımadasında günün bəzi saatlarda durğun və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.