Profesional və asan oxuna bilən CV-niz olmadığı müddətcə, iş müraciətləriniz üçün göndərdiyiniz CV-lər HR-ların inbokslarında qalacaq. Mükəmməl CV asanlıqla oxunan, səhvlərdən azad və baş vurduğunuz vakansiyaya uyğun olmalıdır. Bəzən bir işçini qəbul etmək üçün HR menecerlər yüzlərlə CV-ni gözdən keçirir. Bu qədər CV arasında niyə sizinki seçilsin?
Unutmayın, CV sizi müsahibə mərhələsinə daşımaq üçündür. Diqqətsiz, gözə xitab etməyən, parlaq rənglərin istifadə olunduğu CV-lər uğursuz sayılır. Rəngli CV-lər hazırlamaqla diqqət çəkməyə və pozitiv effekt yaratmağa çalışan insanlar kənardan qeyri-profesional görünüş yaradır. Bir sözlə, CV hazırlayarkən konkret, dolğun və səlis olmağa çalışın.
Cv hazırlayarkən istifadə edəcəyiniz struktur çox vacibdir. Xronoloji, Funksional, Kombinasiyalı və Məqsədli olmaqla 4 əsas struktur mövcuddur.
Xronoloji- Ən çox istifadə olunan CV strukturudur. Xronoloji CV sizin iş təcrübələrinizlə başlayır ən son çalışdığınız vəzifələr ilk sıralanmada yer alır. Adətən CV-də hədəflər, karyeranın qısaca təsviri təhsil, setifikatlar və xüsusi bacarıqlar yer alır. Lakin hamısı, iş təcrübəsindən sonra.
Xronoloji CV iş yerlərini tez-tez dəyişənlər üçün heç uyğun deyilə bəzi işə götürənlər vakansiyaya uyğun iş təcrübəsi görmədiklərində CV-ləri rədd edir, xəbəriniz olsun. Qısacası, əgər iş həyatı təcrübələrində şanssızsınızsa xronoloji CV-dən qaçın.
Funksional- Funksional CV-də əsas olaraq bacarıqlar işıqlandırılır və təcrübə qeyd olunur. Karyerasında tez-tez dəyişiklik edənlər üçün ən çox tövsiyyə olunan CV strukturudur. Baş vurduğunuz vakansiyaya uyğun olan bacarıqlarınızı vurğulamanız sizi karlı tərəf edəcək.
Kombinasiyalı- Bu strukturda hazırlanmış CV-lərdə həm iş təcrübəsi, həm də bacarıqlar eyni yerdə qeyd olunur. Bu CV-i bacarıqlarına uyğun iş təcrübələri olanlar üçündür. Siz eyni zamanda həm bacarıqlarınızı, həm də təcrübənizi göstərdiyiniz üçün daha peşəkar bir görünüşə sahib olursunuz.
Məqsədli- Bu strukturda hazırlanmış CV ancaq bir sahə üzrə olan bacarıqları toplayır. Misal üçün Mühasibatçı vakansiyasına baş vurarkən, yalnız bu sahədə olan bacarıqlar, təcrübə qeyd olunur, yalnız vakansiyanın tələbləri CV-də yer alır.
İndi isə köhnə CV-nizi götürün, onu başdan yaradacağıq.
1. Karyeranıza uyğun CV strukturunu seçin.
Yuxarıda sizə izah olunan 4 CV strukturundan (xronoloji, funksional, kombinasiyalı və məqsədli) ən uyğununu seçin və baş vuracağınız vakansiyaya da uyğun strukturun olmasına diqqət yetirin.
2. Asan oxunan CV hazırlayın.
Bacardığınız qədər sadə dildə yazmağa çalışın ki, sizin müvəffəqiyyətləriniz və bacarıqlarınız HR-a məhz sizin axtarılan insan olduğunuzu vurğulasın. Times New Roman, Arial və ya Calibri şriftlərinin 10-12 ölçüsündən istifadə edə bilərsiniz. Asanlıqla skan edilən CV-lər hazırlayın, ola bilər ki, hazırladığınız rəngli CV sizi yarıda qoysun.
3. Bütün CV-ni eyni qanunauyğunluqla hazırlayın.
Sıralamalar edərkən, mümkün qədər eyni sıralama formatından istifadə edin. Misal üçün, bacarıqlarınızda 1,2,3 formatında yazıb, iş təcrübəsində nöqtəli formata keçməniz sizi qeyri-peşəkar göstərəcək.
4. Dəqiq bir sahəyə yönəlin.
Olduqca geniş istiqamətlərdə təcrübələriniz olmuş ola bilər. Amma bu həmişə sizə üstünlük qazandırmayacaq. Bacardığınız qədər hər hansı pozisiyaya fokuslanın. Çalışın vakansiyanın sizdən istədiklərini vurğulayın.
5. Yaradıcı olun.
Son dövrlərdə nailiyyətlərinizi göstərmək üçün videolar, infoqrafiklər və linklər geniş istifadə olunur. Ənənəvi CV tiplərindən qaçsanız, bu sizə qazandıracaq.
6. CV-nizi redaktə edin.
Hərf və mexaniki səhvləri minumuma endirrmək üçün hər zaman yenidən gözdən keçirdin. İnanın ki, ilk redaktənin sonunda heç də az olmayan səhvləri aradan qaldıracaqsınız.