Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı iştirakçılarının görüşü keçirilib. Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər də görüşdə iştirak edib.
Görüşdən əvvəl gənclər DOST Agentliyinin və DOST mərkəzinin fəaliyyəti, mərkəzdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması prosesi ilə tanış olublar. Agentliyin könüllülük proqramları, o cümlədən “Gənc DOST” Proqramı barədə onlara məlumat verilib.
Gənclərlə görüşdə S.Babayev vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublikamızda siyasi rəhbərliyə gəlməsi ilə Azərbaycanın həyatında möhtəşəm quruculuq, dinamik və hərtərəfli inkişafla xarakterizə olunan yeni bir keyfiyyət mərhələsi başlayıb. Ulu öndərimiz o zaman Azərbaycanı keçmiş ittifaq məkanında geridə qalan aqrar respublikadan qabaqcıl ölkələr cərgəsində olan müasir sənaye ölkəsinə çevirib.
Azərbaycanın ötən əsrin 70-80-ci illərində əldə etdiyi mühüm nailiyyətləri, inkişaf göstəricilərini diqqətə çatdıran nazir həmin dövrün ölkəmizin bir intibah dövrü kimi tarixin şərəfli səhifəsinə çevrildiyini vurğulayıb. Bildirib ki, məhz qeyd olunan dövrdə də ümummilli liderimiz Heydər Əliyev respublikanın güclü iqtisadi və sosial infrastrukturunun, vacib sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər ordusunun yaradılmasını, bununla hələ o zaman Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün hərtərəfli potensialın formalaşmasını təmin edib.
S.Babayev Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb. O, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizi dayanıqlı və uzunmüddətli tərəqqi yoluna çıxarmaqla yanaşı, Azərbaycanda vətəndaş rifahına təminat verən sosial dövlət modelini də formalaşdırdığını bildirib. Vurğulayıb ki, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, ölkənin bütün sahələrdə dayanıqlı inkişafını təmin edən islahatlar proqramı Azərbaycanı daim inkişaf edən iqtisadiyyata və qüdrətli orduya, güclü sosial siyasətə sahib edib.
Dövlət başçısının sosial inkişaf strategiyasının naliyyətlərini diqqətə çatdıran nazir ölkədə vətəndaş rifahının təminatı naminə atılan mühüm addımlardan bəhs edib. Milli sosial təminat sisteminin innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, əldə olunan sosial nailiyyətlər barədə ətraflı məlumat verib.
S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm sosial əhəmiyyət kəsb edən təşəbbüs və layihələrini, o cümlədən DOST layihəsini, habelə həssas qruplara diqqət və qayğının artırılması və onların reabilitasiyası istiqamətində Fondun gördüyü ardıcıl işləri diqqətə çatdırıb.
Nazir qeyd edib ki, bu gün Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, o cümlədən yoxsulluğun azaldılması, əhalinin məşğulluq imkanlarının artırılması, layiqli əməyin təminatı istiqamətlərində fəal siyasətə və uğurlu təcrübəyə malik ölkələr sırasındadır. Həmin Məqsədlərin icrası ilə bağlı ölkəmiz gələn həftə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda növbəti könüllü hesabatını da təqdim edəcəkdir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı elan edilib. Gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaq məqsədi daşıyan Proqrama 50 gənc seçilib.
Eyni zamanda, dövlət başçısının 19 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Höküməti ilə BMT İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” Layihə Sənədi imzalanıb. Layihənin əsas istiqamətlərindən biri kimi, Azərbaycanda ilk dəfə olaraq Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər (17 nəfər) seçilib. Onların əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, bu Məqsədlərə nail olunması prosesində gənclərin iştirakını təşviq etmək, bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarına tam könüllü formada dəstək göstərmək, həmçinin yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına dəstək olmaq, milli hesabatların hazırlanmasına töhfə vermək və ölkədə DİM-lərlə əlaqəli həyata keçirilən təşəbbüslərdə fəal iştirak etməkdir
Nazir Sahil Babayev Gənc Liderlər Proqramı iştirakçıları ilə görüşüb
18:15
12 İyul 2019