Sabiq nazir ibadətlə məşğul olduğu barədə yayılan xəbərləri təsdiqlədi: “İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm”; o, həmçinin son təyinatlar haqda, özünün gələcək fəaliyyəti barədə açıqlamalar verdi
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olması haqda xəbərlər yayılıb. Ümumiyyətlə isə Ziya Məmmədov vəzifədə olarkən də özünün və ailə üzvlərinin ibadətlə məşğul olmaları xəbərləri vardı. Lakin mediada yayılan bu məlumatlara sabiq nazir uzun illər münasibət açıqlamayıb. “Yeni Müsavat” Ziya Məmmədovla telefon vasitəsilə əlaqə saxlayaraq, ondan barəsində deyilənlərə münasibət öyrənib.
- Ziya müəllim, sizin ibadətlə məşğul olmağınız haqda məlumatlar yayılıb. Bu məlumatlar doğrudurmu?
- İbadət nədir? Mən mollayam, nəyəm? Sən müsəlmansan?
- Əlhəmdülillah, müsəlmanam.
- Mən də əlhəmdülillah deyirəm. Bitdi, qurtardı da. Sən ibadət nəyə deyirsən? İbadətlə məşğul olmaq günahdır? Məndən nə eşitmək istəyirsiz?
- Sizin kimi məşhur insanın barəsində istənilən informasiya maraqla qarşılanır. Həmçinin bu, bir təşviqdi. Misal üçün, insanlar biləndə ki, Ziya Məmmədov ibadətlə məşğuldu, xeyli adam ibadətə gələ bilər. Yaxşı bir prosesə səbəb olarsız.
- Mən yaranandan, ağlım kəsəndən Allahı tanıyıram, Allaha bəndəlik edirəm, Onu sevirəm, əməli-saleh olmağa çalışıram. İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm.
- Sizin babanızın şeyx olması haqda da xəbərlər var...
- Bəli, ola bilər. Hər bir müsəlmanın borcudur ki, ibadət etsin. İmanı olan insan namaz qılmalıdır.
- Xarici dövlətlərin rəhbərləri, nazirlər, baş nazirlər, hətta prezidentlər kilsələrə, məscidlərə gedir, ibadət edirlər. Azərbaycanda tanınan insanlar namaz qılanda isə sanki qıcıqla qarşılanır. Sizcə, səbəb nədir?
- Təəssüflər olsun ki, belədir. İslama qarşı dünyada həmişə təzyiqlər, təhdidlər olub. Bütün yeni dinlərə qarşı belə münasibət olub, xüsusən İslama qarşı da belədir. Öz dədə-baba adətlərini unutmayan insanlar, bəzən hakimiyyət üçün, bəzən başqa məqsədlər üçün İslamdan çəkinirlər. Bu gün dünyada islamafobiya var. Hansı ki, bu, Allahın əleyhinə çıxmaqdır. Bu çox incə məsələdir. Bu gün Allaha ibadət etmək hər bir insanın, xüsusilə müsəlmanın borcudur.
İslam dininin daşıyıcısı olmağımızla hər birimiz fəxr etməliyik. Mən də fəxr edirəm. Bu həyat müvəqqətidir. Ölüm mütləqdir. Allah da xəbərdarlıq edir ki, Qiyamət günü mütləq gələcək, insan əməlinə görə sorğu-sual olunacaq, cənnət-cəhənnəm müəyyənləşəcək. Bu həyatın özü enişli-yoxuşlu yol olduğu üçün, əzablı, lənətlənmiş yol olduğu üçün çalışmaq lazımdır ki, o dünyada heç olmasa cənnəti qazanasan, günahlarını yuyasan. Bu dünyada hər birimiz günah işlədə bilirik. İstədik, istəmədik, günah edə bilirik. Çalışırıq ki, həmin o günahları tövbə edib Allah qarşısında təmizləyək.
- Allah elə bir mükəmməl sistem yaradıb ki, bəndəsinə günahdan təmizlənmək üçün fürsət verir.
- Ona görə Rəhman və Rəhim Allah deyilir. Allah böyükdür, rəhmi də tükənməzdi. Amma cəzası da böyük olar. Allah o cəzadan saxlasın bütün müsəlmanları, Azərbaycan xalqını.
- Tanınmışların məscidə getməsinə necə baxırsız? Özünüz məscidə gedirsinizmi?
- Bizim prezidentimiz cənab İlham Əliyev, 1-ci vitse-prezidentimiz Mehriban xanım bu siyasəti çox gözəl idarə edirlər. Dünyaya isbat edirlər ki, bizdə din azadlığı var, dözümlülük, tolerantlıq var bütün dinlərin daşıyıcılarına. Allah Qurani-Kərimdə buyurur ki, ey insanlar, dini azad buraxın. Dinə məcburiyyət yoxdur, kim hansı dini istəyir, qoy seçsin. Özünün fərdi işidir. Cənab prezident də, Mehriban xanım da bu siyasəti Azərbaycanda gözəl şəkildə tənzimləyirlər, həyata keçirirlər. Cənab prezident də, Mehriban xanım da Kəbədə olublar, Kəbə qapılarından içəri keçiblər. Allahın izni olmasa, bu heç bir insana qismət olmaz. Bəzi vəzifəli şəxslər özləri üçün bəzən nəyisə isbat etməyə çalışırlar. Amma əslində hesab edirəm ki, insanın daşıdığı dinə borcu ona xidmət etmək, Allaha səcdə etməkdən ibarətdir.
- Cümə günləri məscidlərə gedirsinizmi?
- Xeyr, getmirəm. Özüm özlüyümdə məşğulam dinlə, ibadətlə.
- Ailə üzvləriniz necə, məscidə gedirmi?
- Dediklərimin hamısını yazacaqsız?
- Əlbəttə.
- Mən xalqıma, dövlətimə həmişə sədaqətli olmuşam. Sədaqətimdən də geri dönən deyiləm. Azdan-çoxdan mənim insanlara münasibətim çoxlarına bəllidir. Gördüyüm işlər də çoxlarına bəllidir, görüblər, qiymətləndiriblər. Allah hamısından razı olsun. Sizlərə vətənə, millətə xidmətinizə görə uğurlar arzulayıram. Mən Heydər Əliyev ideyalarının daşıyıcısıyam, cənab prezidentin bu sahədə həyata keçirdiyi siyasətin icraçılarından olmuşam uzun illər. Bu siyasətdən, bu sədaqətdən geri dönməyən insanam. Mən əqidəmi dəyişməyən adamam. Bunu hamı bilsin.
- Yeni vəzifə təyinatlarına münasibətiniz də maraqlı olardı.
- Hamısına uğurlar arzulayır, təbrik edirəm. Səlahiyyət sahibi ölkə başçısıdır. Seçib təyin edibsə, hər kəsə uğurlar arzulayır, təbrik edirəm.
- Sizin yeni vəzifəyə təyinatınız gözlənilmir ki?
- Mən bu haqda düşünmürəm, vallah.
- İşləmək həvəsiniz yoxdur, yoxsa təklif gəlmir?
- Mən öz missiyamı yəqin ki, yerinə yetirmişəm. Allahın ayırdığı vaxtda mən həmişə ölkə başçısının əsgəri olmuşam. Şərt o deyil ki, vəzifə tutasan. Şərt odur ki, vətəninə, millətinə, dövlətinə hörmət və məhəbbət yaşadasan. Yeri gələndə də ədalət naminə öz sözünü deyəsən. Vətəndaş bu halda yaxşı vətəndaş olur. İndi mən də vətəndaşam, baxıram, görürəm. Oxuyuram, tanış oluram, müəyyən yerlərdə fikrimi söyləyirəm.
- Ucarda ata yurdunuzda yaşamağınız haqda xəbərlər də var. Bakıdan uzaqda yaşamağınız nə ilə əlaqədardır?
- Mən Azərbaycanda yaşayıram. Azərbaycanın Konstitusiyasına görə də Azərbaycan vətəndaşı ölkə ərazisində istədiyi yerdə yaşamaq hüququna malikdir. Salamat qalın.