Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.
FED.az-ın məlumatına görə, dəyişikliklər icra qeydi ilə bağlıdır.
ELƏCƏ DƏ BAX: Tanınmış müğənniyə – HÖKM OXUNDU
Təlimata əsasən, borclunun olduğu yer üzrə konsul dairəsində konsul borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparır.
İndiyə qədər icra qeydləri icra qeydi aparan konsulun vəzifəsi, soyadı, adı və atasının adı, tələbkarın adı və ünvanı, borclunun adı və ünvanı, ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və pensiyalarla birlikdə, borcun miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği, icra qeydinin aparıldığı tarix (il, ay, gün), icra qeydinin reyestrdə qeyd olunduğu nömrə və icra qeydi aparan konsulun imzası və gerbli möhürü barədə məlumatları özündə əks etdirməli idi.
Dəyişikliyə əsasən bundan sonra icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda və barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.
Mülki Məcəlləyə əsasən isə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
Təlimata edilən digər dəyişikliyə əsasən tələbkar icra qeydinin aparılması üçün konsulluğa müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra konsul tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” qanunu ilə tənzimlənəcək. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunacaq.
İndiyə qədər icra qeydləri çatası faiz və pensiyalarla birlikdə ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar barədə məlumatı əks etdirməli idi. Dəyişikliyə əsasən artıq icra qeydləri pensiyalarla birlikdə deyil, dəbbə pulu (olduğu təqdirdə) və çatası faizlə birlikdə ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar barədə məlumatı əks etdirməlidir.
İndiyə qədər konsul icra qeydi apararkən borcun tutulmasını əsaslandırmaq üçün borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilmiş sənədlərin təqdim olunmasını tələb edib. Eyni zamanda icra qeydini təqdim etmək üçün buraxılmış müddətin bərpası Azərbaycan qanunvericiliyinə müvafiq olaraq həyata keçirilib. Dəyişikliklərlə əlaqədar bu müddəalar ləğv edilib.
Bu qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
Konsulluqda borcludan pul belə alınacaq- YENİ QAYDA
20:12
26 Dek 2018