Hesablama Palatası Nazirlər Kabinetinə növbəti təkliflər paketini təqdim edib.
FED.az xəbər verir ki, təkliflərdən biri də mənzil fondu ilə bağlıdır. Hesablama Palatası araşdırma apararkən məlum olub ki, dövlət mənzil fondunun istifadəsi sahəsində qanunvericilikdə olan çatışmazlıqlar real həyatda problemlərə səbəb olur.
Buna görə də Hesablama Palatası təklif edib ki: dövlət mənzil fondu ilə təmin edilməli olan şəxslərin dairəsi dəqiqləşməli, üstün mənzil təminatı hüququ olan şəxslər Mənzil Məcəlləsində nəzərə alınmalıdır (qazilər, şəhid ailələri və s.). Məsələn, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələrinin yaşayış sahəsi ilə birinci növbədə təmin olunması ilə bağlı hüquqlar təsbit olunur, lakin Mənzil Məcəlləsində şəhid ailələri, müharibə nəticəsində əlil olan şəxslərin üstün hüququ fərqləndirilmir.
Bundan başqa, Palata təklif edir ki, birtipli sosial kirayə müqaviləsinin nümunəsi hazırlansın. Mənzil təminatı hüququ olan şəxslərin uçotunun təşkili və növbəliliklə bağlı məsələlərin həlli üçün qüvvədə olan 40 il əvvəlki hüquqi akt yenilənməlidir.
Eləcə də Hesablama Palatası hökumətə təklif edib ki, mənzil fondu və yaşayış sahəsinin ayrılması ilə bağlı normalara yenidən baxılsın, bu günə uyğunlaşdırılsın. Belə ki, normalara əsasən bu, adambaşına 16 kvadrat metrdir, lakin praktikada buna əməl olunmur.
Hesablama Palatası: Şəhid ailəsi və qazilərin üstün mənzil hüququ - MƏNZİL MƏCƏLLƏSİNƏ SALINMALIDIR
18:05
8 Aprel 2024