Bu ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 664 031 dəfə müraciət olunub ki, bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin 35,4 faizini təşkil edir.
Nazirlikdən FED.az-a verilən məlumata görə, nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” “E-hökumət” portalında ən çox istifadə olunan e-xidmətlərdəndir. Əmək müqaviləsinin bağlanması və ya ona dəyişiklik edilməsi, yaxud xitam verilməsi barədə bildirişlərin elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi üçün fəaliyyət göstərən bu e-xidmətə təkcə son bir ayda 317642 dəfə müraciət edilib.
Həmçinin iyun ayında nazirliyin “İş yerinə dair arayış” e-xidmətindən 49126 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 34618 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 31426 dəfə və s. istifadə edilib. Həmin e-xidmətlərlə yanaşı, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (24542 müraciət), “Sığortaolunanlara məlumatların verilməsi” (20904 müraciət), “Pensiya kalkulyatoru” (19528 müraciət) və digər e-xidmətlərinə də ictimai maraq artmaqdadır.
Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 e-xidməti “E-Hökumət” portalı vasitəsilə əhalinin istifadəsindədir və bu e-xidmətlər nazirliyin fəaliyyət sahələri üzrə dövlət xidmətlərinin vətəndaşlara müasir əsaslar üzərində, məmur-vətəndaş təması olmadan şəffaf şəkildə təqdim olunmasına və əhalinin aidiyyəti qruplarına əlçatanlığının təmin edilməsinə imkan yaradır.
Əmək müqaviləsi bağlayanlar kəskin artıb
23:31
7 İyul 2018