31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. FED.az xəbər verir ki, hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək, başqa ölkələrdə məskunlaşıblar.
Hazırda dünyanın əksər ölkələrində azərbaycanlılar yaşayırlar. Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Keçmiş SSRİ dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir.