Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsi prosesi davam edir.
ELƏCƏ DƏ BAX: Sosial müavinətlərin məbləği artacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) FED.az-a verilən məlumata görə, ƏƏSMN-dəki müvafiq Komissiya tərəfindən birdəfəlik ödəmənin verilməsi üçün artıq 447 şəhid hərbi qulluqçu üzrə 585 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub.
Həmin qərarlar üzrə birdəfəlik ödəmələr həmin vərəsələrin bank hesablarına köçürülür. Onlardan bu günədək artıq 300-ə yaxın vərəsəyə ödəmə verilib. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.
Ödənişi alan şəxslə ödənişi həyata keçriən qurum arasında heç bir təmas baş vermir. Birdəfəlik ödəmə vərəsələrin bank hesabına köçürülərkən onların məlumatlandırılması təmin edilir, onlara bu barədə sms vasitəsilə müvafiq bildiriş göndərilir.
Eyni zamanda, hazırda notariat kontorları tərəfindən vərəsələrdən qəbul olunmuş sənədlərin, o cümlədən onlarla bağlı vərəsəlik şəhadətnamələrinin nazirliyə elektron qaydada təqdim olunması və nazirlikdəki işçi qrupu tərəfindən bu sənədlərə baxılması işləri davam edir. Məlumatların daxilolma ardıcıllığına uyğun olaraq, onların daxilolma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş də vərəsələrə göndərilir. Sənədlərə baxılması zamanı hər hansı vərəsənin sənədlərində çatışmazlıq olduqda onların aradan qaldırılması üçün notariat kontorları ilə birgə işlər aparılmaqla belə sənədlər qaydaya salınır.
Xatırladaq ki, dövlət başçısının Fərmanına əsasən 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnun olduğu müəyyən edilib.
Birdəfəlik ödəmələrlər barədə - BİLDİRİŞ GÖNDƏRİLİR
19:36
27 Noy 2018