“Üçüncü Bahar” layihəsinin həmtəsisçiləri Nərmin Qəniyeva və Natəvan Yusifova ilə cari ilin 29 avqust tarixində Türkiyədə 48 illik tarixə malik, ölkə üzrə 108 şöbəsi olan “Türkiyə Əməklilər Dərnəyi” nin nümayəndələri arasında görüş keçirilib.
Layihənin təsisçiləri FED.az-a bildirib ki, görüş zamanı Türkiyə Əməklilər Dərnəyi Üsküdar şöbəsinin rəhbəri Fatma Önerge dərnəyin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Hazırda dərnəyin 10.000 nəfər təqaüdçü üzvü var. Nümayəndələrimiz Üsküdar dərnək üzvləri üçün fəaliyyət göstərən “İkinci Bahar’’ kafesini ziyarət etmiş və onların iş prinsipləri ilə tanış olublar.
Əlavə olaraq Üsküdar təqaüdçüləri üçün yaradılmış bostan ziyarət edilərək məhsul yığımında iştirak ediblər.
Üsküdar Bələdiyyə Başkanı Hilmi Türkmən “Üçüncü Bahar” nümayəndələrini qəbul edərək, layihə haqqında, eləcə də, Üsküdar bələdiyyəsi nəzdnində fəaliyyət göstərən “Kadın El İşleri” layihəsi haqqında detallı müzakirələr aparılıb.
Gələcəkdə Türkiyə tərəfi ilə baş tuta biləcək əməkdaşlıq imkanları geniş müzakirə edilib və Türkiyə nümayəndəliyinin Azərbaycana gözlənilən səfəri haqqında danışıqlar aparılıb.
Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu 2017 -ci ildən fəaliyyət göstərərək təqaüdçülərin asudə zamanlarının səmərəli təşkilinə yönəlmiş sosial layihədir.
Layihə çərçivəsində YAŞA mərkəzi fəaliyyət göstərir. Təqaüdçülər mərkəzə üzv olaraq maraq dairələrinə uyğun, maarifləndirici, sağlamlıq, yaradıcılıq istiqamətlərində keçirilən tədbirlərdə sərbəst şəkildə iştirak edə bilərlər.