Sosial

AAAF Park-dakı su problemi ilə bağlı - AÇIQLAMA

AAAF Park-dakı su problemi ilə bağlı - AÇIQLAMA | FED.az
11:37 3 Avq 2020

Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksinin sakinləri su problemi ilə üzləşiblər. Bu barədə “qafqazinfo”ya sakinlər məlumat veriblər. Oların sözlərinə görə, 3 gündür su sutka ərzində təxminən 1 saat verilir. Bununla bağlı kompleks rəhbərliyinə, həmçinin “Azərsu”ya müraciət olunsa da, heç bir cavab verilməyib.

FED.az xəbər verir ki, “Azərsu”nun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, AAAF Park Yaşayış kompleksinə gedən 3 xəttdən birində problem yaranıb və artıq həmin problem aradan qaldırılıb. Dünəndən suyun verilişi tam bərpa olunub: “AAAF Park Yaşayış kompleksi 3 istiqamətdə bizdən su alır. 2 gün öncə müraciət ediblər ki, xəttlərdən birində problem var. Abşeron Su Kanalının əməkdaşları ilə kompleks əməkdaşları araşdırma aparıblar və məlum olub ki, 3 istiqamətdən birində çətinlik yaranıb. Bizim əməkdaşlarımız ora yeni birləşmə veriblər və problem artıq aradan qaldırılıb.

Problem bizdən qaynaqlanmayıb, onların daşıyıcı xəttlərində olub. Həmçinin bildirmək istəyirəm ki, AAAF Park binaları bir neçə anbardan su ilə qidalanır. Həmçinin onlara bildirdik ki, anbarlarda suyun bölgüsünü elə idarə etmək lazımdır ki, bütün anbarlara su normal paylansın. Bu işləri də şirkət görəcək. Abşeronda bizim xəttlərimizdə heç bir çətinlik yoxdur. Bir də bilirsiz ki, bu yeni tikililərdə su ilə bağlı bütün xidmətləri şirkət özü edir. Yəni, o binalara biz xidmət göstərmirik”.

Digər xəbərlər