Sosial

160 manatlıq qoyunlar və internet - Nazirlik heyvanların süni bahalığına imkan vermədi

160 manatlıq qoyunlar və internet - Nazirlik heyvanların süni bahalığına imkan vermədi | FED.az
17:43 12 Avq 2019

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar tədarük və təchizat” ASC Qurban bayramı səbəbindən qurbanlıq heyvanların qiymətinin süni artırılmasına və istehlakçıların hüquqlarının pozulmasına mane olub.

FED.az xəbər verir ki, qurum bayram münasibəti ilə 12-13 avqust tarixlərində Bakı şəhəri və Abşeron yarımadası da daxil olmaqla, respublikanın 30 fərqli nöqtəsində “Kənddən Şəhərə” yarmarkaları təşkil edir. Yarmarkalar qurbanlıq qoyunların lk növbədə kasıb ailələr üçün əlçatan olması, eləcə də bəzi işbazların vəziyyətdən istifadə edərək qiymətləri  süni artırmasının qarşısını almaq məqsədi ilə keçirilir.

Bunun üçün ATT bayram yarmarkalarına ümumilikdə 20000-dən çox qoyun çıxarıb. Qurbanlıq heyvanların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170, 180 manat müəyyən edilib ki, işbazlar süni qiymət artımı yarada bilməsinlər. Müqayisə üçün qeyd edək ki, fərdi ticarətçilərin müxtəlif yerlərdə satdığı qurbanlıq heyvanların qiymətləri 200-300 manat arasındadır.

Kənd Təsərrüfatı Nazirliyinin ümumilikdə 18000 baş qurbanlıq heyvan alması uzun illər ərzində bazarlara təsir gücü olan “ət ticarətçi”lərinə böyük zərbə oldu. Beləliklə, işbazların yarada biləcəkləri süni heyvan qıtlığının qarşısı alınıb.

“Aqrar tədarük və təchizat” ASC bu il qurbanlıq heyvanların satışında da yenilik edib. Bayram bazarlarında yaranan ənənəvi sıxlığı nəzərə alan qurum vətəndaşlar üçün bayram yarmarkalarından onlayn sifariş və öncədən növbə götürmə xidməti istifadəyə verib. Vətəndaşların marağı çox olduğundan bu xidmətin istifadə müddəti daha iki gün  - 11 avqust saat 23:59-a qədər artırılıb. Onlayn satış zamanı cəmi 3 manat behlə qoyun sifariş etmək mümkün idi. 

Xatırladaq ki, qurbanlıq heyvanların satış məntəqələrində baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərir. Vətəndaşlar aldıqları qurbanlıq heyvanların sağlam olmasına heç bir ödəniş etmədən əmin ola bilərlər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi qurbanlıq heyvanların qiymətlərinə və yarmarkanın təşkilinə, Qida Təhlükəsizlik Agentliyi baytarlıq-sanitariya ekspertizasının aparılması üçün qurbanlıq heyvanların kəsim məntəqələrində olan laboratoriyaların işinə görə məsuliyyət daşıyır. Satış məntəqələrində qurbanlıqların kəsimi isə yerli icra orqanlarının təyin etdiyi qəssablar tərəfindən həyata keçirilir. Kəsim və dərinin təmizlənməsi ödənişlidir.








Digər xəbərlər