Sığorta bazarında baş verən proseslər, bunun sığorta biznesinə təsiri və «Azsığorta»nın bu yeniliklər qarşısında planları ilə bağlı FED.az-ın suallarına şirkətin Direktorlar Şurasının sədri Viladi Maniyev cavab verir.
Viladi müəllim, gəlin əvvəlcə icbari avtomobil sığortası ilə bağlı məsələni dəqiqləşdirək. «Azsığorta» öz portfelində icbari sığortaların payını azaltmaq istəyir?
Azaltmaq yox, könüllü növlərin payını artırmaq nəzərdə tutulub.
Son vaxtlar, xüsusilə də devalvasiyadan sonra avtomobil ehtiyat hissələri də bahalaşıb. İcbari sığortanın tarifləri isə 10 ilə yaxındır tətbiq olunur, yəni uzun müddət bundan öncə müəyyən olunub. Bu tariflər indiki reallığa nə qədər cavab verir? Çünki biz araşdırdıq, ən çox zərər məhz bu sığorta növündədir. Sizcə icbari sığortanın tariflərinə yenidən baxmağa ehtiyac varmı?
Məsələ tək tarif məsələsi deyil. Ehtiyat hissələrinin qiymətləri qalxıb, düzdür. Digər tərəfdən başqa maraqlı bir göstərici var, bu da orta sığorta yığımı və Bonus-Malus sistemi ilə bağlıdır. Əvvəllər orta mükafat (yəni orta hesabla hər bir avtomobilə görə ödənilən icbari sığorta haqqı) 90 manat idisə, indi 70 manata düşüb. Bu avtomatik olaraq zərərlilik əmsalını qaldırır. Yəni ehtiyat hissələrinin qiyməti dəyişməsə belə zərər var. Ona görə əlbəttə ki, bunun üzərində iş aparılmalıdır. Mən bilirəm ki, İcbari Sığorta Bürosunda bütün bazar üzrə statistika var, o statistikadan düzgün nəticələr çıxarılacaq və müəyyən dəyişiklik ediləcək. Deyə bilmərəm ki, hansı addımlar atılacaq və ya tariflər dəyişəcək, amma sözsüz ki nə isə etmək lazımdır. Çünki digər ölkələrin təcrübəsi də bunu təsdiq edir. Rusiyada artıq dəyişdirirlər.
Mən bildiyimə görə, Rusiyada sığorta şirkətləri bu səbəbə görə icbari sığortadan imtina edirdilər …
Bəli, elədir. Çünki sərf etmir. Sığorta şirkəti dayanıqlı olmalıdır. Zərərlə işləyən sığorta şirkətinin fəaliyyəti mənasızdır. Məni ən çox narahat edən odur ki, hamı yığımlara fikir verir, renkingə düzüləndə yığımlarla düzülür. Bu isə düzgün yanaşma deyil. Bilmək lazımdır bu şirkət nə qədər səmərəli işləyir, mənfəəti varmı, sabah hadisə olduqda ödəniş edə biləcək ya yox?
Əsas məsələlərdən biri də sığorta hadisələrinin hansı müddət ərzində tənzimlənməsidir. «Azsığorta»da bu sahədə vəziyyət necədir? 2017-ci illə müqayisə etdikdə müddət necə dəyişib? Bununla bağlı hədəfiniz varmı?
Bəli dəyişiklik var, müddət azaldılıb, lakin bizi və eyni zamanda bizim müştərilərimizi qane edəcək dərəcədə yox. Biz istərdik ki, avtomobil üçün ödəməni 1 həftə yaxud 10 gün ərzində edək və avtomobil vaxtında təmirə göndərilsin. Çünki bilirik ki bir çox hallarda təmir üçün də çox vaxt tələb edilir. Qərar qəbul olunmalı, ödəniş edilməlidir ki, müştəri məmnuniyyəti də artsın. Buna hələ tam həcmdə nail olmamışıq, amma o yola doğru gedirik. Burada söhbət əlbəttə ki, yeni texnologiyaların istifadəsindən də gedir. Çünki çox vaxt bizdən asılı olmayan səbəblərdən də ödəmə gecikə bilir. Sənədlərin toplanması vaxt alır. Amma biz hər şeyi etməyə çalışırıq ki biz tərəfdən yubanma olmasın.
Ötən il sizdə satışların agentlərdən tam asılı olmaması xətti əsas götürülmüşdü. Bəs elektron satışlardan satış həcmi nə qədərdir? Bununla bağlı vəziyyət necədir, bir hədəfiniz varmı?
Təəssüf ki elektron satış çox cüzidir. Müştərilər elektron satışa maraq göstərmir. Bu xidmətdən imtina etməmişik, getdikcə inkişaf etdirməyi düşünürük. Gərək əvvəlcə müştərilərdə buna maraq yaradaq. Biz heç vaxt deməmişik ki agentlərdən tamam qurtulmaq istəyirik. Çünki o da bir satış kanalıdır. Amma ona həm maaş ödəyirsən, həm də satışdan pay verirsən deyə bu kanal üzrə satışın zərərlilik faizi çox olur. Ona görə çalışırıq ki texniki üsulla əlavə xərcləri azaldaq. Agentin işi də ağırdır. Bir məsələ də var ki bizim insanlar bir məhsul alarkən daha çox ünsiyyətdə olmaq istəyirlər, nəinki elektron yolla sığorta etdirmək. Adicə siz hava limanında görmüş olarsınız, insanlar var ki texniki imkanlardan istifadə etmir, uzun növbəyə durur və operatordan kömək alır. Məncə tədricən o vərdiş də bizim insanlarımıza adi gələcək, hələ ki bu istiqamətdə işləyirik.
Son vaxtlar bəzi şirkətlər agentlərə böyük komissiyalar verir. Məsələn biz bilirik ki 30-35 faizədək agentə komissiya ödəyən şirkətlər var, halbuki qanunvericilikdə 15 faizi keçməməsi yazılıb….
Təbii ki, biz buna yol vermirik, qərar qəbul edilib ki qanundan kənar komissiyalar ödənilməsin. Satış həcminin azalmasının səbəbi də elə budur. 2017-ci ildə 25 milyon satışımız vardısa, indi 20 milyona düşüb. Amma 2017-ci ildə biz 3 milyon zərər etmişdik, bu il 4,7 milyon mənfəət əldə etmişik. Bu vergi xərcləri çıxdıqdan sonra təmiz mənfəətdir. Kənardan baxan deyə bilər ki bu şirkətin satışı 5 milyon azalıb. Doğrudur, 5 milyon azalıb, amma 25 milyon satış edəndə 3 milyon zərər edirdik, 20 milyon satışdan isə 4.7 milyon mənfəət qalıb.
Deməli daha sağlam portfelə maliksiniz…
Bəli, bu bizim öhdəliklərimizin yerinə yetirilməsinin zəmanətidir. Müştərilər əmin ola bilər ki, başlarına iş gəlsə, qəza olsa bizdən imtina olmayacaq.
2020-ci ildə icbari tibbi sığorta tətbiq olunacaq və dövlət tərəfindən maliyyəşəcək. Sizin tibbi sığorta paketiniz də var, portfelin bir istiqaməti də budur, bundan faydalanmaq imkanı varmı, ümumiyyətlə bu yenilik sizə necə təsir edəcək?
Ümumiyyətlə bu yenilik yanaşmanın tam dəyişməsi demək olacaq. Baza təminatı kimi dövlət tərəfindən idarə olunan icbari tibbi sığorta tətbiq olunduqda bizim könüllü şəkildə təqdim olunan sığorta məhsulları dəyişməlidir. Paketin bir hissəsi ora aid olacaq. Bu vaxta qədər bizdə fərdlər demək olar ki tibbi sığorta almırdılar. İşəgötürənlər öz işçiləri üçün o xərci çəkirdilər, bu öz işçiləri üçün sosial benefit paketi idi. Amma indi həmin o müəssisələr müəyyən məbləğləri ödəməli olacaqlar İcbari Tibbi Sığorta Agentliyinə. Bundan sonra elə bir tələb olmayacaq ki, getsin könüllü sığorta da alsın. Bunu ancaq o zaman edər ki bizim məhsulda baza paketinə daxil olmayan əlavə təminatlar olsun. Bu da işin yenidən qurulması deməkdir. Hələ 1 il vaxtımız var, üzərində düşünürük. Biz yanaşmamızı dəyişməyə 2020-ci ilin əvvəlindən hazır olmalıyıq.
Avtomobillərdə icbari sığorta ilə bağlı cərimə var, amma mənzillərdə yoxdur. Dövlət zəlzələdə dağılan evlərin təmiri üçün maliyyə ayırsa da, gəlin açıq danışaq ki bu qərar sığorta bazarına zərər vuran addımdır. Çünki insanlar arxayın olur ki, onsuz da dövlət pul ayıracaq. Evini sığortalamayanlar üçün cərimə lazımdırmı? Çüzi də olsa cərimə tətbiqi məsələsinə necə baxırsınız?
Ümumiyyətlə, mən heç avtomobillərdə də cərimənin tərəfdarı deyiləm. Amma həm də anlayıram ki cərimə olmasaydı hazırkı 100 faizə yaxın göstəricini əldə edə bilməzdik. Ev məsələsinə gəldikdə isə deyə bilərəm bu daha böyük sosial məsələdir. Aktiv avtomobillərin sayı 1 milyondan azdır, ev və mənzil sayı daha çoxdur. Bu hər bir kəsə aid olacaq, bütün əhalini əhatə edən məsələdir. Ona görə mənzillərə görə cərimə tətbiq olunsa birmənalı qarşılanmayacaq. Məncə daha yaxşı olar ki dövlət tərəfindən təbliğat-təşviqat işləri aparılsın, yaxud hansısa benefitlər verilsin. Mənzillərin icbari sığortasının məsuliyyət hissəsi yoxdur. Yalnız daşınmaz əmlakın özünün sığortası var. Amma bir çox ev sahibi suyun axması ilə bağlı problem yaşaya bilir. Qonşuya dəyən zərəri cüzi əlavə sığorta haqqı hesabına qarşılamaq olar. Bu, sığortanın cazibədarlığını artıra bilər.
Viladi müəllim, «Azsığorta»nın vəsaitlərinin idarə olunması ilə bağlı məsələni də müzakirə edək. Elan edildi ki, mənfəətin yaranmasının əsas səbəblərindən biri portfelin sağlamlaşması, xərclər optimallaşması və vəsaitlərin daha səmərəli idarə edilməsi oldu. «Azsığorta» öz vəsaitlərini necə idarə edir, hansı alətlərdə yerləşdirir?
Təəssüf ki, bazarımızda maliyyə alətlərinin sayı azdır. İnvestisiya portfelimiz cəmi iki növ alətdən ibarətdir. Biri bank depozitləridir. Şükürlər olsun ki şirkətimizin pulu heç vaxt bağlanan banklarda olmayıb. İkincisi də dövlət qiymətli kağızlarıdır. Biz etibarlılığa üstünlük veririk ki, investisiya siyasətimiz kifayət qədər mühafizəkardır.
Bəs korporativ istiqrazlara necə, vəsait yatırmırsınız?
Biz ötən il korporativ bazara demək olar ki, vəsait yatırmadıq. Amma bu ildən başlayaraq nisbətən az məbləğləri yönəldəcəyik korporativ kağızlar bazarına. Bunun da əsas səbəbləri daha çox yüksək gəlirlilik yox, bu bazarın inkişafına kömək etməkdir – bu, hamımızın marağındadır.
«Azsığorta» yəqin ki, vəsaitlərinin hamısını manatla saxlamır, yəqin ki, dollarda olan hissə də var…
Dollar çox azdır, bizim öhdəliklərimiz manatladır, ona görə də spekulyativ əməliyyatlara üstünlük vermirik.