Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Almaniyanın EWE energetika şirkəti ilə onun Türkiyədəki aktivlərinin alınması barədə danışıqlar aparır.
Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov Türkiyə KİV-lərində tərəflərin alqı-satqı sazişi imzalaması barədə yayılan xəbərləri şərh edərkən deyib.
Onun sözlərinə görə, tərəflər arasında danışıqlar davam etsə də, hələlik yekun saziş imzalanmayıb.
Qeyd edək ki, Türkiyə KİV-lərinin məlumatına əsasən, EWE-nin bu ölkədəki törəmə şirkəti “EWE Turkey Holding” dörd şirkətdə - “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji” və “Enervis” şirkətlərindəki payını SOCAR-a satıb. Sövdələşmənin dəyərinin 140 milyon dollar təşkil etdiyi deyilir.
Bundan əvvəl EWE şirkətindən bildirmişdilər ki, şirkətin Türkiyədəki aktivlərini satmaq barədə qərarı fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır.