Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) sistemində aşağı olsa da təmərküzləşmə əlamətləri müşahidə olunur.
Eləcə də bax: Mərkəzi Bank növbəti Maliyyə sabitliyi hesabatını - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə 2022-ci ilin I yarımili üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi hesabatında bildirilib.
Məlumata görə, təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan Herfindahl-Hirschman İndeksi – HHİ BOKT sistemində aşağı təmərküzləşmənin olmasını göstərir. Bunun səbəbi sektorda xırda və orta həcmli BOKT-lərin sayının çox olmasıdır. Belə ki, aktivlərin və kredit portfelinin sektor üzrə payına görə HHİ müvafiq olaraq 514 və 568 təşkil edir. Lakin qeyd edək ki, sektorda fəaliyyət göstərən BOKT-lərdən aktivlərinin həcmi 10 mln. manatdan yüksək olan cəmi 13 kredit təşkilatı mövcuddur ki, bu təşkilatların sektorda payı 73.6%-dir (323.8 mln. manat). Həmçinin aktivlərinin məbləği 2 mln. manatdan aşağı olan 25 BOKT mövcuddur ki, bu təşkilatlar sektorun yalnız 5.3%-i təşkil edir.
Qeyd edək ki, HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500<HHİ<2500), yüksək səviyyədə təmərküzləşmiş bazarlar (HHİ>2500). HHİ-nin dəyəri 0-10000 arasında dəyişə bilər. (Apa)