Azərbaycanda bir neçə ay əvvəl fəaliyyətə başlamış «NAS Project BOKT» ASC 2021-ci ildəki fəaliyyəti üzrə maliyyə nəticələrini açqılayıb.
Eləcə də bax: Ölkədə kredit ittifaqlarının maliyyə vəziyyəti - PİSLƏŞİR
FED.az xəbər verir ki, maliyyə qurumu ilk fəaliyyət göstərdiyi ili zərərlə başa vurub.
2021-ci ildə BOKT-un 96,4 min manat gəliri olub. Bunun 88,9 min manatı faiz, 6,7 min manat qeyri-faiz gəlirləri (haqq və komissiya gəliri), 0,8 min manat digər gəlirlər olub. Bu məbləğin 7,7 min manatı kreditlər üzrə ehtiyata ayrılıb, nəticədə 88,7 min manat gəlir qalıb.
Amma BOKT-un xərcləri bundan artıq olub. Şirkət il ərzində haqq və komissiyalara 1,4 min manat xərcləyib, inzibati və əmək haqqı xərcləri isə 117,6 min manat olub.
Nəticədə BOKT ilk ili 30,3 min manatlıq zərərlə başa vurub.
Hesabata əsasən, fəaliyyətinin ilk ili olmasına baxmayaraq BOKT 1,5 milyon manata yaxın kredit verə bilib. 2021-ci ilin sonunda qurumun kredit portfeli 1 476 min manat olub ki, bunun da böyük hissəsi fiziki şəxslərə verilmiş– 971 min manatı istehlak kreditləri olub.
Yeri gəlmişkən, kredit götürənlər arasında «NAS Project BOKT»un rəhbəri, idarə heyətinin sədri Elnur Məmmədov da var, o rəhbərlik etdiyi maliyyə qurumundan 13,3 min manat kredit götürüb.
Fiziki şəxslərə verilən biznes kreditləri 100 min manat, əmlk üçün götürülən kreditlər isə 252 min manat olub.
«NAS Project BOKT» lizinqlə də məşğuldur – fəaliyyətinin ilk ilində lizinq portfeli hələlik cəmi 90 min manatdır. Hüquqi şəxslərə isə cəmi 62 min manat kredit verilib. Yeri gəlmişkən, kredit portfelinin 31 min manatı artıq dəyərsizləşib və 7,7 min manatlıq ehtiyatda ona görə yaradılıb.
Ümumiyyətlə, BOKT-un hələlik kiçik olan krdit portfelinin 65,3%-i istehlak kreditəri, 11,6%-i biznes kreditləri, 17,5%-i isə əmlak kreditləridir.
Yeri gəlmişkən, «NAS Project BOKT»un fəaliyyətində lombard elementləri aşkar görünür – istehlak kreditlərinin təqribən yarısı – 475 min manatı, ümumi kredit portfelinin isə 45%-i (668 min manat) qiymətli metal təminatı ilə verilib. Kredit faizləri isə illik 15-40% faiz arasında dəyişir. «Təşkilat öz maliyyə alətləri üzrə faiz dərəcələrinə nəzarət edir»-deyə hesabatda bildirilir.
«NAS Project BOKT»un sahibi Quliyev Məmməd Nizami oğludur, tələb olunan 300 min manat nizamnamə kapitalını ödəyən cənab Quliyev maliyyə təşkilatında 100% paya malikdir.
Amma təsisçinin maliyyə dəstəyi bununla bitməyib. «NAS Project BOKT» kredit vermək üçün nizamnamə kapitalına yatırılan 300 min manatdan əlavə, 1 milyon 314 min manat borc da alıb. Borcu isə təsisçi özü öz təşkilatına ayırıb.
«NAS Project BOKT»un fəaliyyətinin maliyyələşdirilməsi klassik sxem üzrə aparılır – yəni təsisçi, təkcə ilkin kapitalı yatırm ır, həm də öz müəssisəsinə borc ayırır (kiçik nizamnamə kapitalına malik olan, amma böyük məbləğli əməliyyatlar aparan MMC-lərdə də yayılan geniş praktikadır – FED.az).
Beləliklə, M.Quliyev, ötən il təşkilatına 1,314 milyon manat kredit ayırıb, kredit bütöv şəkildə deyli, avqust ayından başlayaraq ilin sonuna kimi, məbləği 10 min manatdan tutmuş 200 min manata qədər dəyişən 19 fərqli tranşlarla ayrılıb. Məbləğlərin kiçik olması göstərir ki, təsisçi «NAS Project BOKT»a borcu kreditlərə tələbat olduqca ödəyib. Kreditlər 36 aylıq müddətə sıfır faizlə ayrılıb. Yeri gəlmişkən, BOKT bu krditlərin 15 min manatın artıq geri qaytarıb.
İlin sonuna «NAS Project BOKT» ASC-nin aktivləri 1 milyon 573 min manat, öhdəlikləri 1 milyon 303 min manat, kapitalı isə 269,7 min manat təşkil edib. 2021-ci ilin nəticəsində əldə edilən 30,3 min manatləq zərər 300 min manatlıq kapitalın bir hissəsini «əridib».
Amma fəaliyyətdəki dinamikanı nəzərə aldıqda (BOKT bu nəticələrə faktiki olaraq yarım il fəaliyyət göstərməklə nail olub) növbəti il vəziyyətin dəyişəcəyi, təsisçinin borclarında nəzərdə tutulan 36 ay müddətinə mənfəətə çıxacağı ehtimalı böyükdür. Yeri gəlmişkən BOKT artıq fəaliyyətini genişləndirməyə başlayıb – 2022-ci ilin ilk aylarında Gəncədə «NAS Project BOKT»un ilk bölməsi yaradılıb.
Xatırladaq ki, «NAS Project BOKT» ASC 2 oktyabr 2020-ci il tarixində təsis edilib. Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyun 2021-ci il tarixli, BKT -38 saylı Lisenziyası əsasında fəaliyyət göstərir.