Azərbaycanın bank olmayan kredit təşkilatlarından biri – «Qafqaz Kredit» BOKT keyfiyyətli müştəri qıtlığı problemi yaşayır. Bu barədə FED.az-a qurumdan bildirilib.
Qeyd edək ki, FED.az tərindən 2017-ci ilin yekunu üçün bank olmayan kredit təşkilatları (BOKT) üzrə hazırlanan renkinq siyahısında aktivləri 1 mln manatdan az olan BOKT-dan biri də “Qafqaz Kredit” BOKT-dur.
Xatırladaq ki, BOKT-un cəmi aktivləri 2017-ci ilin sonunda 781 min 106 manat olub.
BOKT-dan FED.az-a verilən məlumata görə, BOKT-un aktivləri 2010-2015-ci illər ərzində 1 mln manatdan çox olub, lakin sonradan baş verən ardıcıl iki devalvasiya BOKT-un aktivlərini azaldıb.
BOKT-dan bildirilir ki, aktivlərin azalmasına və hələ də aşağı səviyyədə qalmasına baxmayaraq, gələcəkdə ləğv edilmək və yaxud başqa quruma birləşmək planları yoxdur. Əksinə, şirkət buraya əlavə investor və kredit vəsaitləri cəlb etmək və fəaliyyət canlandırmaq üçün danışıqlar aparır.
Eyni zamanda BOKT-dan bildirilib ki, hazırda kredit portfelinin artırılması üçün əsas problemlərdən biri keyfiyyətli müştəri təbəqəsinin qıtlığıdır. Şirkətdən bildirilir ki, hazırda bank və BOKT müştərilərinin əksəriyyəti kreditlərlə yüklənmiş, ya da kredit tarixçəsi o qədər də yaxşı olmayan şəxslərdir: «Belələrinin bi rvə ya bir neçə yerə kreditləri olur və onlar əlavə kreditlər götürmək üçün müraciət edirlər. Halbuki qaytarmaq imkanı olsaydı əvvəlki borclarını bağlayardılar».
Şirkətdən o da bildirilir ki, hazırda kreditləri arxayınlıqla verən banklar əsasən əmək haqqı kartlarına malik olanlardır: «Müştərilərin əmək haqqı həmin bankda olduğuna görə, müştəri ödənişdən yayına bilmir və bank lazım olanda həmin məbləği onun kartından tutur. Digər kredit təşkilatlarının isə müştərilərə belə təsir imkanı azdır, ona görə də müştəriləri daha ehtiyatla seçməli olurlar».