Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan «Kəpəz» BOKT 2021-ci ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2021-ci ildə «Kəpəz» BOKT-un faiz gəlirləri 16,6% artaraq 1 milyon 53 min manata yüksəlib, faiz xərcləri isə 12% azalaraq 297 min manata enib.
Nəticədə şirkət ili 756 min manat xalis faiz gəliri ilə başa vurub (33,6% artım). Bu məbləğin 320 min manatı dəyərsizləşmə üzrə ehtiyat kimi ayrılıb. Bundan əlavə şirkət 56 min manat əlavə gəlir əldə edib.
2021-ci ildə «Kəpəz» BOKT-un inzibati xərcdəri 52% artaraq 439 min manata yüksəlib. Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 53 min manat təşkil edib. 10,7 min manat mənfəət vergisi ödənişindən sonra «Kəpəz» BOKT 2021-ci ili 42,7 min manat xalis mənfəətlə tamamlayıb.
2021-ci ildə «Kəpəz» BOKT-un sürətli böyüyüb. Ötən il BOKT-un aktivləri 2 milyon manat və ya 64% artaraq 3,1 milyon manatdan 5,1 milyon manata yüksəlib.
Aktivlərin belə sürətli artımı şirkətin kredit portfelinin böyüməsi və pul vəsaitlərinin artması ilə bağlıdır.
Belə ki, 2021-ci ildə «Kəpəz» BOKT-un kredit portfeli 1 milyon maatdan çox və ya 38% artaraq 2,8 milyon manatdan 3,9 milyon manata yüksəlib.
Şirkətin pul vəsaitləri isə il ərzində 20 dəfə artaraq 39 min manatdan 795 min manata yüksəlib.
«Kəpəz» BOKT-un öhdəlikləri isə 2021-ci ildə 1,7 milyon manat artaraq 2,1 milyon manatdan 3,8 milyon manata yüksəlib.
Öhdəliklərin artımının 1,6 milyon manatı buraxılmış istiqrazlarla bağlıdır – 2020-ci ildə «Kəpəz» BOKT-un dövriyyədə olan 1,4 milyon istiqrazı olduğu halda, 2021-ci ildə bu rəqəm 3 milyon manata yüksəlib.
Şirkətin kapitalı isə bu müddətdə 300 min manat artaraq 996 min manatdan 1 milyon 294 min manata yüksəlib.