Azərbaycanda kredit təşkilatları müştəriləri müxtəlif yollarla cəlb etmək və kredit şərtlərini daha əlverişli təqdim etməyə çalışırlar.
FED.az xəbər verir ki, bəzi hallarda bu doğrudan da həqiqəti əks etdirsə də, bir sıra hallarda təklif edilən şərtlər əslində reallığın təhrif edilməsinə və son nəticədə müştərilərin çaşdırılması ilə nəticələnir.
Azərbaycanda müştərilərə krediti fərqli qaydada təqdim edən BOKT-lardan biri tanınmış kredit təşkilatlarından olan «MJ Financial Services» BOKT ASC-dir. Şirkətin təqdim etdiyi kreditlərdə illik faiz dərəcəsi göstərilməyib, daha dəqiqi BOKT kreditlərin illik faiz dərəcəsinin olmadığını iddia edir. Bildirilir ki, «illik faiz dərəcəsi yoxdur».
Bunun əvəzində müştərilər kreldit alarkən ilk baxışdan cüzi görünən komissiya haqları ödəyirlər. Amma reallıqda «MJ Financial Services» BOKT ASC-nin kreditlərinin faiz dərəcəsi illik 40-45% ətrafındadır.
Beləliklə, rəsmi intetnet səhifəsində göstərildiyi kimi, «MJ Financial Services» BOKT ASC məbləği 6-7 min manatı keçməyən kreditlər ayırır. Kreditlərin müşləti müştərinin ehtiyacından asılı olaraq 3-18 ay arasında dəyişir. Kredit faizi, deyildiyi kimi, yoxdur, əvəzində «cüzi» məbləğdə, amma kreditin məbləğinə «bağlanmış» komissiya haqları var,
Şərtlərə görə, komissiya haqları 3 aylıq kredit üzrə - 7,834 %-dən, 6 aylıq kredit üzrə 12,280%-dən, 9 aylıq kredit üzrə 16,318 %-dən, 12 aylıq kredit üzrə 20 %-dən, 15 ay üzrə -20 %-dən və 18 aylıq kredit üzrə 25,373 %-dən başlayır.
Bu o deməkdir ki, məsələn kimsə, «MJ Financial Services» BOKT-dan 18 aylıq müddətə 7000 manat kredit götürmək istəsə, ilkin olaraq kreditin məbləğinin 25,373 %-i həcmində komissiya haqqı ödəməlidir – yəni 1776 manat. Sonra isə 18 ay müddətində kredit müqaviləsində göstərilən 7000 manatı «illik kredit faizi olmayaraq» qaytarmalıdır.
Amma bu kredit sxemini ənənəvi kredit hesablamasına keçirdikdə məlum olur ki, 18 aylıq «faizsiz» kredit əslində müştəriyə illik 39%-lə verilirmiş. Digər misal, 15 aylıq kreditlərdə komissiya haqqı 20% təşkil edir. Yəni 7000 manat kreditə imza atan müştəri reallıqda ələ 5600 manat alır. Yenə də ənənəvi sxemə çevirdikdə məlum olur ki, bu kredit müştəriyə azı 35%-lə ayrılır.
12 aylıq kreditdə (20% komissiya haqqı) isə illik faiz dərəcəsinin əslində 43% olduğu ortaya çıxır.
Faizsiz krediti 9 aylıq müddətə götürəndə 16,318%-dən olmaqla 1142 manat komissiya haqqı ödəyəndən sonra müştəriyə bu kreditin illik 45%lə ayrıldığı ortaya çıxır.
Yeri gəlmişkən, müştərilərin məlumatlandırılmaması ilə bağlı dada bir məqam odur ki, BOKT-un rəsmi internet səhifəsində ayrılan kreditlərin Faktiki İllik Faiz Dərəcəsi - FİFD göstərilməyib. Halbuki, qanunvericiliyə əsasən bu göstəricinin açıqlanması bütün kredit təşkilatları üçün məcburi tələbdir.
Maraqlıdır ki, maliyyə bazarlarının requlyatoru olan Azərbaycan Mərkəzit Bankı indiyədək bu faktı gözdən qaçırıb.