Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan «FINOKO» BOKT nizamnamə kapitalını kəskin artırıb. FED.az xəbər verir ki, artıq bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ünvanlanan müraciətə müsbət cavab verilib.
BOKT-dan FED.az-a bildirilib ki, yeni qərarla nizamnamə kapitalı 1 milyon 255 min manat artırılaraq indiki 1 milyon manatdan 2 milyon 255 min manata qaldırılıb.
Nizamnamə kapitalıın artımı BOKT-un öz təsisçiləri tərəfindən paylara uyğun olaraq həyata keçirilib və bu artım nəticəsində pay bölgüsündə dəyişiklik olmayıb.
Xatırladaq ki, MBNP-ın tələblərinə görə, bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalına qoyulan tələb 300 min manat təşkil edir. Başqa sözlə, artımdan sonra «FİNOKO» BOKT-un nizamnamə kapitalının həcmi tələb olunandan təqribən 8 dəfə artıq olacaq.
Eləcə də bax: İlham Əliyevin «problemli kredit» təşəbbüsü ilə bağlı - ASSOSİASİYADAN AÇIQLAMA
Nizamnamə kapitalının artırılmasında məqsəd «FINOKO» BOKT -un bazardakı mövqeyinin daha da möhkəmləndirilməsidir: «2014-cü ilin dekabrından fəaliyyətə başlamış «FINOKO» BOKT-un hazırda 3 fəlialı fəaliyyətdədir. Bu il əlavə 4 filialın açılmasını planlaşdırırıq. Eyni zamanda müştərilərin və əhalinin bizə olan yüksək etibarını nəzərə alaraq bu addımı atırıq. Bu ilin sonunda nizamnamə kapitalının növbəti dəfə artırılmasını da planlaşdırırıq»-deyə şirkətdən bildirilib.
Nizamnamə kapitalının artımı nəticəsində «FINOKO» BOKT-un məcmu kapitalı da böyüyərək hazırki 3 milyon 361 min manatdan 4 milyon 616 min manata çatacaq.
Nizamnamə kapitalının artımı şirkətin kredit portfelinin də böyüməsinə imkan verəcək: «Hazırda, fevral ayının 1-ə olan məlumata görə, «FINOKO» BOKT-un kredit portfeli 17 milyon 831 min manat təşkil edir, ilin sonunadək bu məbləğin 25 milyon manata yüksəlməsi nəzərdə tutulur».
Hazırda «FİNOKO» BOKT-un 3 filialı var. Bunlar «Ekspress Yasamal», «Ekspress Tovuz» və «Ekspress Qazax»dır. İlin sonunadək isə daha 4 filialın işə düşməsi, bununla da şəbəkənin sayının 7-yə çatdırılması nəzərdə tutulur.
«FİNOKO»dan bildirilir ki, bu il açılacaq filiallardan 3-ü regionlarda, biri isə Sumqayıtda fəaliyyətə başlayacaq. Buna görə də, BOKT regionlara böyük diqqət ayırmaq və regionların payına düşən kredit portfelini ciddi surətdə artırmağı planlaşdırır.